Türkiyədə yerli “Thodex” birjasının müştərilərinin qarşılaşdığı böyük kriptofırıldaçılıq işinə görə 62 nəfəri həbs ediblər.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Xatırladaq ki, kütləvi həbslər polisin birja sahibinin 2 milyard dollarlıq əmlakın oğurlandığını və ölkədən qaçdığını açıqladıqdan sonra başlayıb.
22 apreldə “Thodex” veb-saytında ticarəti 4-5 günə dayandırdığını açıqlayıb. Bununla yanaşı, istifadəçilərə investisiyaların təhlükəsizliyinin təmin ediləcəyi bildirilib. Lakin nəticədə platformanın internet-səhifəsinin fəaliyyəti dayanıb.
Polis əməkdaşlarının verdiyi məlumata görə, kriptobirjanın sahibi Faruk Fatih Özer sərmayəçilərin 2 milyard dollarlıq aktivlərini götürüb Tailanda qaçıb. Qaçmazdan əvvəl sahibkar sosial şəbəkələrdəki hesablarını silib.
“Thodex”in maraqlarını təmsil edən vəkilin sözlərinə görə, təxminən 390 min istifadəsi bu kriptofırıldaqçılığın qurbanı olub. Onlar investisiyalarını qaytara bilməyib. Digər məlumata görə, hadisədən cəmi 30 min müştəri təsirlənib.
İstanbulun baş prokurorluğu “Thodex” haqqında istintaq işinə başlayıb. Polis bu fırıldaqda iştirak edən 62 şəxsi saxlayıb, daha 16 nəfər axtarışa verilib. Türkiyənin Ədliyyə Nazirliyi kriptobirjanın sahibinin həbs edilməsi üçün İnterpola müraciət edib.
Qeyd edək ki, “Thodex” Türkiyənin ən böyük kriptovalyuta birjalarından biridir. Birja 2017-ci ildə meydana gəlib. Hal-hazırda platformadan 400 min nəfər istifadə edir, gündəlik ticarətin həcmi isə 744 milyon dollar dəyərində qiymətləndirilir.