3 C
Baku
Saturday, December 14, 2024

“GoldenPay”in (hesab.az) yaradıcısı səhmlərin hamısını satıb

“GoldenPay” səhmdarları strukturunda 20% səhm payının yeni səhmdar tərəfindən alınması nəticəsində dəyişiklik baş verib.

Banker.az bildirir ki, bu barədə şirkətin elandında qeyd edilir.

Şirkətin 20% səhm payına malik olan Fərid İsmayılzadə səhmlərini tam olaraq sataraq şirkətin səhmdarları strukturundan və Müşahidə Şurasından çıxıb. Müşahidə Şurasının yeni üzvü Orxan Bağırov təyin edilib.

“Şirkətin səhmdarları strukturuna yeni səhmdarın qoşulması bir tərəfdən şirkətin cari fəaliyyətinə və gələcək inkişaf perspektivlərinə yüksək inamı əks etdirir, digər tərəfdən isə şirkətin inkişafı üçün yeni imkanlar yaradır”- deyə şirkət bildirir.

Açıqlamada qeyd edilir ki, “GoldenPay” şirkəti Fərid İsmayılzadənin şirkətin yarandığı gündən inkişafındakı töhfəsini yüksək qiymətləndirir, ona təşəkkürünü bildirir və gələcək fəaliyyətində uğurlar arzu edir.

“Şirkətdən ayrılmaq asan deyildi, lakin məni qane edən cəlbedici təklifi və resurslarımın Amerikada yeni layihələrimə yönəldilməsi imkanlarını dəyərləndirib, səhmlərimi tam olaraq satdım. Bütün həmkarlara, tərəfdaşlara və müştərilərə ötən illərdə əməkdaşlıq üçün təşəkkür edirəm və uğurlar arzu edirəm,” – deyə Fərid İsmayılzadə bildirib.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “GoldenPay” 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında “GoldenPay” şirkəti Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta və sair xidmətlərin alışı / ödənişi mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər