Dünyanın ən varlı adamı Ceff Bezosun sərvəti yenidən 200 milyard dollar həddini keçib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, bir gün ərzində milyarder “Amazon” səhmlərinin bahalaşması sayəsində varidatını 3 milyard dollar artırıb.
“Forbes” jurnalının hesablamalarına görə, hal-hazırda Ceff Bezosun sərvəti 201.5 milyard dollar təşkil edir.
Bezos – dünyada yeganə iş adamıdır ki, sərvəti 200 milyard dollar ötüb. Qeyd edək ki, bu hal əvvəl də qeydə alınıb. Keçən ilin 25 avqust tarixində milyarderin sərvəti 200 milyard dolları ötsə də, eyni gündə 199.7 milyard dollara düşüb.
Bu dəfə iş adamı sərvətinin artmasına görə “Amazon” səhmlərinə borcludur. Belə ki, milyarderin sahib olduğu kapitalın 90%-i onların payına düşür. Çərşənbə günü səhmlər 2% bahalaşaraq 3489.88 dollar səviyyəsinə çatıb.
Xatırladaq ki, bu cür artım şirkətin 2021-ci ilin birinci rübünə dair maliyyə hesabatını dərc etməsi ərəfəsində baş verib. Analitiklərin proqnozlarına görə, “Amazon”un gəliri 104.65 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 38.6% çoxdur.
Bununla yanaşı, son iki ildə şirkətin gəlirləri analitiklərini proqnozlarını 75% hallarda keçib.