Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.
Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.
Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,
17.05.2021-ci il tarixində 29 və 81
18.05.2021-ci il tarixində 71 və 83
19.05.2021-ci il tarixində 53 və 66
20.05.2021-ci il tarixində 31
Nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bununla da “BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.