Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
MTRŞ-dan bildirilib ki, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.
“Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası “Lider TV və Radio-Azərbaycan” MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
İclasda, həmçinin, “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini, “Mingəçevir” Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyini nəzərə alaraq bu televiziya yayımçılarının lisenziyalarına xitam verilməsi barədə müvafiq qərarlar qəbul edilib.