“Kia” avtomobil şirkəti smartfondan idarə olunan yeni “K9” sedanını təqdim edib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Verilən məlumata görə, Cənubi Koreyada satışlar artıq başlayıb. Qlobal versiyanın buraxılış tarixləri və parametrləri bir qədər sonra açıqlanacaq.
Yeni model T-şəkilli LED işıqlı faralar və genişləndirilmiş radiator reşotkası ilə təchiz ediləcək. Eyni zamanda 19 düymlük təkərlərin dizaynı dəyişəcək. Sükan üzərində “Kia” loqosu yer alacaq, məlumat-əyləncə sisteminin ekran ölçüləri isə 12.3 düymdən 14.5 düymə qədər artırılacaq.
Qeyd edək ki, bu avtomobili smartfondan işə salmağa mümkün olacaq. Bundan əlavə, “K9” sürücünü barmaq izi ilə tanıya, oturacaqların fərdi parametrlərini yadda saxlaya bilir.
Avtomobil ikinci səviyyəli avtopilot sistemi ilə təchiz edilib. Bu o deməkdir ki, model radar və kameralar vasitəsilə qabaqdakı trafiki təhlil edə bilir və ona uyğunlaşır ki, bu da təhlükəsizliyi artırır və yanacağa qənaət edir.
Alıcılara altı silindrli mühərriklər təklif olunur: 315 at gücündə 3.8 GDI və 370 at gücündə 3.3 T-GDI.