Neft tankerlərinin günlük icarəsi rekord $1,2 milyonu keçib

İranla bağlı müharibənin dəniz təchizat zəncirlərində yaratdığı pozuntular uzandıqca Yaxın Şərqdən Asiyaya xam neft daşıyan supertankerlərin icarə qiymətləri rekord həddə yüksəlib.

Banker.az “Financial Times” qəzetinə istinadən yazır ki, Böyük Britaniyanın gəmi brokeri “Braemar”ın məlumatına görə, Yaxın Şərq–Çin marşrutunda 2 milyon barel neft daşıyan VLCC tipli tankerlerin gündəlik icarə qiyməti 1,2 milyon dolları keçib. Bu göstərici avqustun sonundan bəri təxminən iki dəfə artıb.

Müqayisə üçün, ötən il VLCC tankerlerinin gündəlik icarəsi əsasən 20-50 min dollar arasında dəyişirdi. Müharibədən əvvəl, fevralda gəmi çatışmazlığı fonunda qiymətlər 120 min dollara qədər yüksəlmişdi.

Bahalaşmanın əsas səbəbi iri tanker çatışmazlığı və daşınma müddətinin uzanmasıdır. ABŞ-ın investisiya bankı “Morgan Stanley”nin analitiki Martijn Rats bildirib ki, Hindistan neft emalı zavodları artıq Braziliya, Qayana, Qərbi Afrika və Şimal dənizindən xam neft alır. Bu marşrutlarda daşınma 30-40 gün çəkir.

Böyük Britaniyanın dənizçilik analitikası şirkəti “Clarksons”ın məlumatına görə, dünya tanker donanmasının təxminən 15%-i Oman sahillərində yükün ötürülməsini gözləyir. Supertankerlər bəzi hallarda təxminən 10 gün hərəkətsiz qalır.

Daşınma xərclərinin kəskin artması neft emalı zavodlarının marjalarını da zəiflədib. Çinin iri neft-kimya şirkəti “Hengli Petrochemical” Dalian şəhərindəki gündəlik 400 min barel gücündə zavodunun yüklənməsini 80%-ə endirib.

Nəticədə benzin və dizel kimi neft məhsullarının istehsalı azalır, bu məhsulların qiymətləri yüksəlir. Xam neftə tələb isə zəiflədiyindən neft qiymətlərində müəyyən geriləmə müşahidə olunur.

Enerji konsaltinq şirkəti “Aspects”in təsisçisi Amrita Sen vəziyyəti belə xarakterizə edib: bazarda xam neftə ehtiyac var, lakin onu daşımağın baha başa gəlməsi alıcıları çəkindirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər