İpoteka və Kredit Zəmanət Fondu “Azerbaijan International Telecom (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində bulud xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 1 633 964 manatdır.
Xatırladaq ki, “AzInTelecom” MMC-nin nizamnamə kapitalı 8 146 manatdır və qanuni təmsilçisi Tağı Tağızadədir.
“AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. Onun fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış data mərkəzi nəzdində “AZCLOUD” bulud xidmətlərdən ibarətdir.
Onu da qeyd edək ki, “AzInTelecom” MMC-nin 2 milyon 200 min 950 manat vergi borcu var.