Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 37,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-avqust ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 152,5 milyon manat vəsait daxil olub.







