“İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olub”.
Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, qeyd edilən müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin gün saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət edib, birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərmiş və oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb edib.