İsrail parlamentinin (knesset) deputatları Yair Lapid və Naftali Bennett tərəfindən qurulan yeni hökuməti təsdiq ediblər. Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “Times of Israel” yazıb.
Qeyd edildiyi kimi, 120 deputatdan 60-ı yeni hökuməti dəstəkləyib, 59-u əleyhinə səs verib, 1-i isə bitərəf qalıb. Beləliklə, 12 il (2009-cu ildən) baş nazir vəzifəsini icra edən Binyamin Netanyahu hakimiyyətdən uzaqlaşıb.
Ölkənin 13-cü baş naziri olaraq and içən Bennett “İsrailə sadiq qalacağına və knessetin qərarlarını sədaqətlə yerinə yetirəcəyinə” söz verib. Lapid “kabinetin alternativ rəhbəri” olub – iki il sonra rotasiya olacaq və onlar Bennettlə yerlərini dəyişdirəcək. Knessetin sədri vəzifəsinə “Eş Atid” partiyasının üzvü Miki Levi seçilib.
İsraildə erkən parlament seçkiləri 23 mart tarixində keçirilib. Bundan sonra Netanyahu hökumətin formalaşdırılmasına başlayıb. 5 mayda bu məqsədlə ayrılan vaxt sona çatıb.
Xatırladaq ki, iyun ayının əvvəlində Netanyahu yeni qurulan hökumət koalisiyasını demokratiya tarixindəki “ən böyük seçki saxtakarlığı”nın nəticəsi adlandırıb.