Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə çıxış edən S. Lavrov bildirib ki, ATƏT-in Avroatlantik məkanın ümumi problemləri barədə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan müzakirələr aparmaq və bu problemlərin kollektiv və müsbət həlli üçün böyük potensialı var.
“Biz sizin bütün iştirakçı ölkələrin maraqları nəzərə alınmaqla, inklüziv dialoq istiqamətlində səylərinizi görürük və qiymətləndiririk. Ümid edirəm ki, bugünkü görüşümüzdə ATƏT-in fəaliyyəti ilə bağlı hazırkı vəziyyət barədə ətraflı fikir mübadiləsi apara biləcəyik. Müzakirə edəcəyimiz ayrıca blok məsələlər isə ATƏT-in nizamlanmasına kömək göstərdiyi münaqişələrdir. Bunlar Ukraynadaxili, Qarabağ, Dnestryanı münaqişələri və Cənubi Qafqazla bağlı Cenevrə müzakirələridir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, ATƏT-in Baş katibi Helqa Şmid Rusiya Müdafiə Nazirliyinin dəvəti ilə Moskvada keçiriləcək Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Rusiyaya səfər edib. H. Şmidin iyunun 24-də Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı planlaşdırılıb.