19 C
Baku
Sunday, October 13, 2024

Azərbaycan manatının məzənnəsi sabit qalacaqmı?

Dünya bazarında neft qiymətlərinin aşağı düşməsi iqtisadiyyatı neftdən asılı olan ölkələrin gəlirlərinin azalması ilə nəticələnib. Bir çox ölkələr pul siyasətlərində bununla bağlı dəyişikliklər etməyə başlayıblar.

Yanvar ayının sonlarında Prezident İlham Əliyev manatın məzənnəsinin yüksək həddə saxlanmasının Azərbaycan iqtisadiyyatına mənfi təsir edə biləcəyi barədə danışıb.

İqtisadçılar düşünürlər ki, bu, Azərbaycan hökumətinin milli valyutanı devalvasiya edə biləcəyinə işarədir.

BBC manatın məzənnəsinin stabil qalıb-qalmayacağı, neft gəlirlərinin azalması ilə bağlı ölkə iqtisadiyyatında baş verə biləcək dəyişiklər barədə iqtisadçı ekspertlər Samir Əliyev və Natiq Cəfərli ilə danışıb.

Neftdən asılı manat

Samir Əliyev deyir ki, dünyanın ən güclü valyutalarından biri sayılan Azərbaycan manatı neftdən çox asılı olduğuna görə “xammal vayutası” adlanan valyutalara aiddir. Neftin qiymətinin aşağı düşməsi vətəndaşlar arasında manatın kursunun düşə biləcəyi barədə müəyyən söz-söhbət yaradıb.

Ekspert xatırladıb ki, 2008-ci ildə qlobal maliyyə böhranı başlayan zaman Rusiya, Qazaxstan, Türkmənistan, İran da daxil olmaqla bir çox neft və qeyri-neft ölkələrinin valyutaları ucuzlaşdırılıb. Amma Azərbaycan risk bahasına olsa da bu addımı atmayıb və öz valyuta ehtiyatları hesabına manatın kursunu saxlayıb. Neft qısa müddətdən sonra bahalaşıb və beləliklə o risk özünü doğrultmuş olub.

Lakin həm xarici, həm də yerli ekspertlər razılaşırlar ki, neftin budəfəki ucuzlaşması uzunmüddətlidir.

Samir Əliyev bunu hazırkı səbəblərin fundamental olması ilə izah edib. Belə ki, dünya neft bazarında təklifin çoxalması, tələbinsə azalması müşahidə olunur. Neftin uzun müddət ucuz qalması isə Azərbaycan manatının ucuzlaşması ehtimalını artırır.

Ekspert bildirib ki, müxtəlif dəyərləndirmələrə görə yaxın iki il müddətində neftin qiymət intervalı 40-60 ABŞ dolları arasında dəyişəcək. Gələn il neftin qiymətinin 65, ən yaxşı halda isə 70 dollara qədər qalxacağı gözlənilir.

Azərbaycanın ixracatının 95,8 faizə qədəri qaz, neft və neft məhsullarının payına düşür. Büdcəninsə 75 faizə qədəri neftdən asılıdır.

Ümumdaxili məhsulun (ÜDM) təxminən yarısı birbaşa və ya dolayı olaraq neftdən asılıdır. Ekspertlər qeyd edirlər ki, neftin qiyməti azaldıqda Azərbaycan konvertasiyanı mümkün etmək üçün qeyri-neft sektorunu inkişaf etdirməlidir.

Azərbaycanda qeyri-neft sektoru dedikdə əsasən kənd təsərrüfatı nəzərdə tutulur.

Güclü manata dözməyən qeyri-neft sektoru

BBC Azərbaycancaya danışan hər iki ekspert qeyri-neft sektorunun, xüsusən də ixracat yönlü sahələrin mövcud vəziyyətinə toxunub. Ekspertlər bildiriblər ki, Azərbaycanın cəmi 6-7 faiz təşkil edən qeyri-neft ixracatı manat güclü qaldıqca çətin vəziyyətə düşür.

Çünki manat rus rublu, İran realı, avro, Qazaxstan tengesi və digərlərilə müqayisədə bahalı valyuta olduğuna görə, Azərbaycan malı xarici bazarda bahalaşır.

Nəticədə, məsələn, Rusiya bazarında Türkiyə, İran, Orta Asiya malları bizim məhsullarımızın yerini tutur. Bu isə öz növbəsində ixrac-yönlü qeyri-neft sahələrinin inkişafına əngəl törədir.

Natiq Cəfərli deyir ki, son illərdə ölkəyə gələn pullar qeyri-neft sektorunun ixracat potensialını aşağı salıb.

Lakin məsələnin digər tərəfi də var: manatın ucuzlaşması daxildə sosial problemlər yarada bilər, ekspertlər belə hesab edir. “Ölkədə inflyasiya yarana, kredit faizləri arta bilər ki, bu da sahibkarlar üçün əlverişli deyil”, Natiq Cəfərli əlavə edir.

İndi mütəxəssislərə maraqlı gələn hökumətin atacağı addımdır. Hökumət manatın kursunun sabit qalmasını öz prioriteti elan edib.

Mərkəzi Bankın 2015-ci ilin pul-kredit siyasəti ilə bağlı verdiyi illik açıqlamasında deyilir ki, manatın kursu saxlanılacaq.

“Lakin manatın kursunu olduğu kimi saxlamaq Mərkəzi Banka onsuz da baha başa gəlir. Mərkəzi Bank iki ay ərzində azı 15% valyuta ehtiyatını itirib”, Natiq Cəfərli deyir.

Samir Əliyev bildirib ki, qarşıdan parlament seçkilərinin gəldiyini nəzərə alsaq hökumətin seçkiyə qədər manatın kursunu indi olduğu səviyyədə saxlamağa çalışacağını düşünmək olar.

Ekspert Prezidentin çıxışına münasibət bildirərək deyib ki, bu çıxış yeni yanaşma gətirdi.

“Əslində prezident də qeyd etdi ki, manatın avroya bərabər olması ixracla bağlı problem yaradır. Manatın avroya bərabər olması manatın 11 faiz ucuzlaşması deməkdir”.

“Amma ola bilməz ki, manat avroya nisbətən ucuzlaşsın, amma dollara nisbətən sabit qalsın. Çünki manatın kursu dollarla müəyyən edilir. Manatın dollardan başqa bütün valyutalara nisbətən kursu çarpaz müəyyən edilir. Ona görə də manatın avroya nisbətən ucuzlaşması həm də onun dollara nisbətən ucuzlaşması demək olacaq. Bu isə devalvasiya deməkdir.”

Başqa sözlə, prezidentin bəyanatı hökumətin devalvasiyaya getmək niyyətini göstərdi. Hökumətin bunu indi etməməsinin səbəbləri barədə danışan Samir Əliyevin fikrincə neft 48 dollar olanda hökumət artıq devalvasiyaya hazırlaşmışdı.

“Lakin iki həftədir ki, biz dünya bazarında neftin qiymətinin qalxdığını görürük. Neftin qiyməti 58-59 dollara qədər qalxıb. Bu, bizim hökumətimizi bir qədər gözləməyə və qərarı təxirə saxlamağa dəvət edib.”

Mərkəzi Bankın itkiləri

Hər iki ekspertin sözlərinə görə, devalvasiya özünü çox gözlətməyəcək. Belə ki, manatın məzənnəsinin yüksək saxlanması Mərkəzi Banka böyük həcmdə valyuta ehtiyatları bahasına başa gəldiyinə görə ilin sonuna qədər bu qərarın qəbul ediləcəyi ehtimal olunur.

Artıq bu ilin ilk iki ayı ərzində Mərkəzi Bankın 2,2 mlrd dollar məbləğində valyuta ehtiyatını itirdiyini nəzərə alsaq, ilin sonuna qədər bütün valyuta ehtiyatları tükənə bilər.

Samir Əliyevin proqnozlarına görə, Neft Fondunda bu il 4-5 milyard manat kəsir gözlənilir. “Analoji problemin öhdəsindən gəlmək üçün Rusiya rublu ucuzlaşdırdı və bunun hesabına büdcəsini doldurdu. Bizim hökumət də eyni şeyi edə bilər. Əgər neft 50 dollardan aşağı olarsa hər an devalvasiya mümkündür. Amma əgər 60 dollar həddini aşaraq 70 dollara yaxınlaşsa hökumət ilin sonuna qədər manatın kursunu dəyişməz saxlayacaq.”

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, Azərbaycan hökumətyi manatın kursunu iqtisadi kateqoriyadan çıxararaq siyasi kateqoriyaya və stabilliyin ən əsas göstəricilərdən birinə çevirib.

“Ətraf ölkələrin valyutalarının ucuzlaşması da müəyyən qədər təsir etdi. Nəticədə yanvar ayında banklarda dollarla əmanətlərin dəyəri təqribən 167 milyona çatıb. Bu isə onu göstərir ki, əhali öz əmanətlərini daha sürətlə dollar əmanətlərinə çevirməyə başlayıb”.

Natiq Cəfərli devalvasiyanın yaxın aylarda baş verəcəyinə inanmır. Bunu onunla izah edir ki, Mərkəzi Bankın valyuta rezervləri hələ ki kifayət qədərdir.

Bu, hökumətə imkan verəcək ki, panikaya yol açmamaq üçün manatın kursunu olduğu kimi saxlamağa çalışsın, o deyir.

“Digər tərəfdən də neftin qiymətinin yaxın aylarda daha yüksək həddə qalxmasına ümid edirlər. Amma neftin qiymətində dəyişiklik olmasa manatın kursunda müəyyən oynaqlıqlar olacaq.”

BBC

Son xəbərlər
Digər xəbərlər