Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
“Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.
Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”, – deyə məlumatda bildirilir.
Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.