27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı əks hücum əməliyyatı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük.
Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Silahlı Qüvvələridir.
24 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən Müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını müxtəlif orden və medallarla təltif etmişdir. Medallarla təltif olunanlardan biridə Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Fuad Tahirovdur.
Fuad Tahirov vətən müharibəsinə könüllü şəkildə yazılmış və 27 sentyabr tarixindən etibarən döyüşlərdə iştirak etməyə başlamışdır. 35 yaşlı Fuad “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. T.Fuad Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa cəhbələrində döyüş yolu keçmişdir. Müharibə zamanı o, öz yaralı döyüş yoldaşlarını təxliyə etmiş və sözügedən şəhərlərin bir neçə yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişdir. O, “Füzuli uğrunda ağır döyüşlərin getdiyi zaman ermənilərin silah-sursatlarını və hərbi texnikalarını qoyub qaçırdılar. Mənim ən böyük sevincim Vətən müharibəsində qalib olduğumuz günü görmək idi. Həmin gün yaşadığım sevinc hisləri əvəz olunmazdır” deyə qürurla öz təəssüratlarını paylaşır.
Azərbaycan Silahlı Qüvvələri və əsgəri öz gücünü və mərdliyini Vətən müharibəsində bütün dünyaya sübut etdi. Xalq olaraq əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində də öz bəhrəsini verəcəkdir.