Çinin “UBTECH” şirkəti insanabənzər ev robotunun prototipini təqdim edib. Video şirkətin “YouTube” kanalında yayımlanıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“Walker X” adını almış bu robotun konstruksiyası insan bədəninin quruluşunu xatırladır: onun beş barmaqlı əlləri və ayaqları, başı, bədənin digər üzvləri var. O, əşyaları tuta, mürəkkəb hərəkətləri yerinə yetirə, hətta butulkanın qapağını açmağı bacarır.
“Walker X” insanlarla iki şəkildə ünsiyyət qurur:
– səs tanıyan texnologiya vasitəsilə;
– göz mimikası ilə.
Qeyd edildiyi kimi, robotun başına böyük ekran quraşdırılıb və o, 28 növ duyğunu təqlid edir. Eyni zamanda onun bədənində cisimlər və ya insanlarla qarşılıqlı əlaqə zamanı aktivləşən işıq indikatorları var.
“Walker X” maneələri müəyyən edə və keçə bilir. Robotun maksimum yerimə sürəti 3 km/s təşkil edir. Cihazın dəqiq ölçüləri məlum deyil, lakın sonuncu versiyanın hündürlüyü 140 sm olduğu göstərilir.
Tərtibatçıların fikrincə, bu cür robotlar insanlara məişətdə kömək edəcək, o cümlədən təhlükəli şərtlərdə onları əvəzləyəcək.