Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqman smartfonlarını təqdim edib. Söhbət, Huawei P50 və P50 Pro smartfon modellərindən gedir. Şirkət P50 seriyasında əsas diqqətini smartfonun foto və videoçəkiliş özəlliklərinə ayırsa da digər xüsusiyyətləri unutmayıb. Məsələn ilk dəfə olaraq adi P50 modeli periskop kamera obyektivini özündə birləşdirib. Adi P50 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2700×1224 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
Əsas tenxiki göstəricilər baxımından P50 modeli Snapdragon 888 prosessoru (5G dəstəyi olmadan), 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP (f/1.8 diafraqma, OIS) + 13 MP (genişbucaqlı obyektiv) + 12 MP (5 qat optik zoom, OIS) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Adi P50 modeli özündə stereo səsgücləndiriciləri birləşdirsə də, NFC modula sahib deyil. Smartfon HarmonyOS 2.0 əməliyyat sistemi vasitəsilə çalışır. Adi P50 modeli sentyabr ayında satışa çıxacaq. 128 GB yaddaşa sahib versiya 730$-a, 256 GB yaddaşa sahib versiya isə 775$-a satılacaq.
P50 Pro modeli xarici görünüşcə adi P50 ilə eynidir. Lakin bəzi texniki özəlliklər baxımından bu smartfonlar öz aralarında fərqlənirlər. P50 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700×1228 piksel keyfiyyətli 6.6 düym OLED ekran ilə təchiz olunub. Bununla yanaşı Pro modelin ekranının kənarları əyilmiş formada reallaşdırılıb. Pro modeldə də barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Onu da qeyd etmək lazımdır ki, P50 Pro 2 versiyada təqdim olunur. Daxili yaddaş həcmindən asılı olaraq onlardan biri Snapdragon 888 4G prosessoru, digəri isə 9000 4G prosessoru ilə təchiz olunur. Bu məsələdə sıralama aşağıdakı kimidir:
– 8 GB RAM + 128 GB yaddaş – yalnız Snapdragon 888 4G
– 8 GB RAM + 256 GB yaddaş – həm Snapdragon 888 4G həm də Kirin 9000 4G
– 8 GB RAM + 512 GB yaddaş – həm Snapdragon 888 4G həm də Kirin 9000 4G
– 12 GB RAM + 512 GB yaddaş – yalnız Kirin 9000 4G.
Bununla yanaşı P50 Pro modeli 50 MP (f/1.8 diafraqma, OIS) + 40 MP (monoxrom obyektiv) + 13 MP (ultragenişbucaqlı obyektiv) + 64 MP (3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom, OIS) dördlü arxa kamera, 13 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4360 mAh enerji tutumlu batareya ilə təchz olunub. P50 Pro həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir və onun gövdəsi IP68 standartı üzrə sudan qorunur. Bununla yanaşı Pro model NFC modul ilə də təchiz olunub. Adi P50 kimi P50 Pro özündə stereo səsgücləndiriciləri birləşdirir və HarmonyOS 2.0 əməliyyat sistemi vasitəsilə çalışır. Çində P50 Pro 12 avqust tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
– 8 GB RAM + 128 GB yaddaş – 927$
– 8 GB RAM + 256 GB yaddaş – 1004$
– 8 GB RAM + 512 GB yaddaş – 1159$
– 12 GB RAM + 512 GB yaddaş – 1236$.