67 ölkə və Avropa İttifaqı təşkilatı Əfqanıstanda hakimiyyət Taliban tərəfindən ələ keçirildikdən sonra birgə bəyanat yayıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Onlar ölkəni tərk etmək istəyənlər üçün sərhədləri açıq qoymağa çağırıblar və Əfqanıstan vətəndaşlarına kömək etməyə hazır olduqlarını ifadə ediblər.
Müraciətlə ABŞ, Avropa İttifaqının xarici əlaqələr üzrə yüksək nümayəndəsi, Böyük Britaniya, Kanada, Almaniya, Avstraliya, Polşa, Ukrayna, Cənubi Koreya və bəzi Afrika ölkələri çıxış edib. Rusiya müraciəti imzalayanlar arasında olmayıb.
“Ölkəni tərk etmək istəyən əfqanlara və əcnəbilərə icazə verilməlidir; yollar, hava limanları və sərhədlər açıq qalmalıdır, sakitlik qorunmalıdır. Əfqanıstan xalqı təhlükəsiz şəraitdə yaşamağa layiqdir. Biz beynəlxalq aləmdə onlara kömək etməyə hazırıq”, – deyə mesajda bildirilir.
Sənədin müəllifləri Əfqanıstandakı vəziyyətlə əlaqədar təhlükəsizliyin təmin edilməsi üzərində çalışdıqlarını iddia edirlər. Onlar “bütün tərəfləri ölkəni tərk etmək istəyən əcnəbilərin və əfqanların təhlükəsiz, nizamlı şəkildə getməsinə hörmət etməyə və şərait yaratmağa” çağırıblar.
Xatırladaq ki, bir gün əvvəl “Taliban” Əfqanıstanı ələ keçirdiyini açıqlayıb, Əfqanıstan prezidenti isə istefa verərək ölkədən qaçıb.





