2021-ci ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.9 faiz artaraq 22.3 milyard manat təşkil edib.
Banker.az Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,3 faizi emal, 2,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olmuşdur. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2021-ci il vəziyyətinə 317,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.