Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi Amerikanın “Moderna” şirkətindən aldığı 1.63 milyon doza peyvəndin istifadəsinin dayandırıldığını açıqlayıb. Bunun səbəbi peyvənddə müəyyən edilməmiş qatışıqların aşkar edilməsi olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Verilən məlumata görə, hazırda yoxlamalar aparılır.
“Kyodo” agentliyinə əsasən, 39 ampulda xüsusi hissəciklər tapılıb, onların ölçüsü bir neçə millimetrə çatır.
Yaponiyanın “Takeda Pharmaceutical” əczaçılıq şirkəti bununla əlaqədar narahatlıq bildirən məlumatların hələ alınmadığını söyləyib. “Moderna” yoxlamaların başladığını bildirib.
Qeyd edək ki, “Moderna”dan başqa ölkədə “AstraZeneca”, “Pfizer” və “BioNTech” peyvəndlərindən istifadə olunur. Pandemiya başlayandan Yaponiyada 1.3 milyon insan koronavirusa yoluxub, onlardan 15.6 mini ölüb.