İqtisadi inkişaf: fərqli quruluşların ortaq cəhətləri nə olub?

İqtisadi məsələlərdə səthi, populist və mövzuya dərindən nüfuz etmədən ətrafında var-gəl edilməklə aparılan diskussiyaları sevmirəm. Çünki bu diskussiyalar konstruktiv təklif, analitik təhlildən daha çox mız qoymaq, belə olmaz, elə olmaz və ya bu olmalıdır (məsələn, ixracı artırmalıyıq kimi ümumi fikirlər) tipli siyasi demoqogiyalara çevrilir. İqtisadçılarla qeyri-iqtisadçıların diskussiyalarında fərqlərdən biri də odur ki, birincilər nəyə necə və hansı yolla nail olmağı, ikincilər sadəcə nələrə nail olmağın vacibliyini qeyd edirlər. İnsan ev almalıdır fikri ilə insan bir evi necə almalıdır fikri arasında yerlə göy qədər fərq var.

Mətləbə keçərək bəzi məsələlərlə bağlı düşüncələrim:

– Bizim iqtisadi modelimiz ixracı artırmaq olmalıdır. Bunu hamı bilir, hətta Fatmanisə nənə də. Amma, əvvəla burada fikrin ifadəsi yanlışdır. Bizim iqtisadi modelimiz ixracı artırmaq deyil, bizim ixracyönlü iqtisadi modelimiz olmalıdır fikri daha doğrudur. Birinci fikirdə belə anlaşılır ki, bizim iqtisadi modelimiz var, lakin bu modelin ixracı azdır, biz bu modeldə ixracı artırmalıyıq. İkinci fikir isə ixracyönlü iqtisadi modelin qurulması vacibliyini əks etdirir. Fərqli fikirlərdir;

– ixracyönlü iqtisadi model dedikdə nəzərə alaq ki, ixrac son nəticədir. İxraca qədər isə keçilən yol uzundur. İxrac üçün istehsal lazımdır, hansı məhsulların istehsalı (konkret 2 il öncə bu məsələ ilə bağlı ciddi təhlillərə başlamışdım, lakin özümdən asılı olmayan səbəblərdən təəssüf ki, yarımçıq qaldı) və necə? İstehsal üçün xam məhsullar lazımdır. Hansıları özümüz təmin edəcəyik, hansıları idxal edəcəyik? İxrac üçün vacib olan azı 10-11 parametrin hansılarını təmin edə bilirik və sair suallara aydın cavablar olmalıdır;

– demokratiya və iqtisadi inkişaf, təhlükəsizlik və iqtisadi inkişaf və sair kimi məfhum və anlayışlar ətrafında diskussiya vacibdir. Lakin, bu diskussiyalar dərin biliklər tələb edir. Xüsusilə ölkələrin iqtisadi inkişaf tarixləri, reseptlərinin dərin öyrənilməsi vacibdir. Məsələn, iqtisadi inkişaf edən ölkələrin arasında avtoritar, diktator rejimləri, monarxiya, parlament və prezident üsul idarələrinin olduğu ölkələr olub və var. Məsələn, Cənubi Koreyanı yüksəldən kifayət qədər avtoritar üsul-idarə tətbiq edən General Park olub, və ya Sinqapur misalı, və ya Çilini xaos və iqtisadi tənəzzüldən çıxaran diktator Pinoçet, və ya müstəqillik qazandığı 1971-ci ildən ömrünün sonunadək (2004-cü ilə qədər) ölkəsini idarə etmiş BƏƏ şeyxi Zayed bin Sultan Al Nəhyan. Bura Almaniyanı birləşdirib qüdrətli dövlətə çevrilməsinin əsasını qoyan Bismarkı da daxil etmək olar və sair. Demokratik yolla iqtisadi inkişafa nail olan ölkələr isə daha çox olduğu üçün saymağa ehtiyac yoxdur. Avropa ölkələrinin əksəriyyəti, Yaponiya monarxiya rejimidir, demokratiyanın beşiyi sayılan ABŞ ilə rəqabət aparaq Çin kommunist (əslində isə avtoritar) rejimdir və sair. Amma, iqtisadi inkişafa nail olmuş bütün fərqli quruluşları birləşdirən bir əsas cəhət olub: ölkədəki təsisatların, institutların gücləndirilməsi. İlk növbədə hüquq-məhkəmə sistemi, sonra iqtsadi təsisatlar. Güclənmə dedikdə isə təkcə bol və geniş səlahiyyətlərin verilməsi deyil. Səlahiyyət-məsuliyyət-hesabatlılıq prinsiplərinin bir-birini balanslaşdırılması ön planda olmalıdır. Siz fikir verirsinizsə, iqtisadiyyatın hər hansı sahəsində fəaliyyət göstərən bir təsisatın rəhbəri öz işinin hakimi olduqda, üzərinə təşəbbüs, məsuliyyət və hesabatlılıq götürdükdə o sahədə intizam da olur, irəliləyiş də. Hansı qurumun rəhbəri öz qurumunun hətta fəlsəfəsi, hüquq, səlahiyyət və vəzifələrini bilmirsə o qurum nəinki iqtisadiyyata töhfə verir, hətta iqtisadiyyat üçün yükə çevrilir. Çox dərin mövzudur;

– iqtisadiyyatı bir elm kimi qəbul ediriksə həmin mövzuda müzakirələr zamanı daha çox iqtisadi inkişaf yolları, reseptləri, nəzəriyyələri, uğurlu və uğursuz iqtisadiyyatlara malik ölkələrin iqtisadi tarixlərinə fokuslanmaq daha məhsuldar nəticələr verər, nəinki siyasi manipulyativ fikirlərə;

– məsələlər çoxdur, amma daha iki-üç məsələyə qısa toxunmaqla tamamlamaq istərdim. Son zamanlar tez-tez belə bir fikir səslənir ki, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bank sinxron hərəkət etməlidirlər. Yanlış ifadədir. Hər üç tərəf, mən bura dördüncü tərəf kimi gömrüyü də daxil edərdim, sinxron deyil, bir-birlərini tamamlayıcı şəkildə hərəkət etməlidirlər və bütün dünyada belədir. Çoxlu misallar var. Amma ölkəmiz üçün xarakterik olan və hamı üçün aydın ola biləcək bir misalla sinxron hərəkətlə tamamlayıcı hərəkət arasındakı fərqi izah etməyə çalışacam. Konkret olaraq, bu il neft-qaz qiymətlərinin yüksək olması və idxalın ixraca nisbətdə azalması (yeri gəlmişkən, idxalın əvəzlənməsi baş vermədiyi halda azalması və ya inflyasiya və digər amillərlə nisbətdə artmaması ciddi mənfi siqnal hesab olunur və səbəbləri araşdırılaraq hesabatı təqdim edilir) fonunda dollar təklifi dollar tələbini üstələdiyi üçün Azərbaycan Mərkəzi Bankı (ABM) kursu sabit saxlamaq məqsədilə bazara müdaxilə edərək dollar almışdır. Nəticədə AMB-nin valyuta ehtiyatları artmışdır. Lakin, bu dolları Mərkəzi Bank nəyin qarşılığında almışdır? Manatın. Deməli ya emissiya yolu, ya da dövriyyədən kənarda olan manatın dövriyyəyə buraxılması baş verir. Biznes aktivliyi zəif olduqda, istehsal və xidmət sektoru genişlənmədikdə bu pul hara yönəlir? İstehlak kreditlərinə, istehlaka, izafi borclanmaya. Post-resurs dövrünə daxil olan, istehsalı zəif olan iqtisadiyyat üçün bu isə inflyasiya, problemli kreditlərin yəni, bank sistemi üçün risklərin artması və sair mənfi fəsadlar deməkdir. Əgər burada Maliyyə Nazirliyi də genişləndirici fiskal siyasət yürütsə (Mərkəzi Bankla sinxron şəkildə) o zaman sadaladığım mənfi fəsadların mənfi təsirləri 2 deyil, (bir-birlərini gücləndirən təsirləri də nəzərə alsaq) 3-4 qat artar. Burada istehsalın artması, biznes kreditlərinə tələbin artırılması isə İqtisadiyyat Nazirliyinin vəzifə səlahiyyətlərinə daxildir. Burada məsələ qoyulur. İqtisadi mühiti münbitləşdirmək üçün hansı addımlar atılmalıdır? Bu atılacaq addımların hansı monetar, hansı fiskal siyasətin dəstəyi ilə həyata keçirilməlidir? Bu axırıncı iki sual o qədər dərin və genişdir ki, ayrıca iqtisadi inkişaf proqramında əhatə oluna bilər. Bir yazıya sığmaz!

– yanlış düşüncələrdən biri də budur ki, biz qonşu ölkələri ixrac potensialı kimi görməyimiz kifayətdir. Nəzərə alaq ki, bizim qonşu ölkələrimizdə də kənd təsərrüfatı inkişaf edib və etməkdədir. Coğrafiyamız, iqlimimiz oxşar və eynidir. Bu səbəbdən qonşu ölkələrə enerji sahəsindən (neft, qaz, elektrik enerjisi) kənar ixracımız bəzi ərzaq məhsulları (çay, zeytun yağı, bitki yağları) və tikinti materialları kimi dar çərçivədə istehsalımız olar. Bu isə təbii ki, ixraca olan tələbimizin çox az qismini ödəyər. İxraca daha geniş vizyonla baxmağa ehtiyacımız var;

– bir önəmli məsələni də unutmayaq. Resursu olan bir ölkəyə həmin resursların emalı, bazara çıxarılması uğrunda mübarizə zamanı ciddi xarici təzyiqlər olar (1990-cı illərdə neft müqavilələrinin imzalanması dövrü, ondan sonra bir neçə il ərzində həmin müqavilələrdə pay sahibi olmaq üçün ölkəmizə ciddi təzyiqləri unutmamışıq) və bir də resursun azaldığı dönəmlərdə. Bir ölkənin resursu bitərsə o ölkəyə resurs bitdikdən sonrakı 4-5 il ərzində təzyiqlər olar (səbəbini yəqin ki, bilirsiniz), sonra ölkə taleyin hökmünə buraxılar. Ona görə də, bir ölkə bir resursu bitdiyi ərəfədə yeni qlobal iqtisadi layihələrin tərkib hissəsinə düşməyə çalışar, ya da resursdan əldə etdiyi vəsaitlərlə yeni məhsul və xidmət ixracı formalaşdırar və inkişaf etdirər. Azərbaycan da bunu etməyə çalışır. Alternativ enerjidən əldə olunan elektrik enerjisi ixracı, Orta Koridorun tərkib hissəsi kimi dünya iqtisadiyyatında önəmli bir halqaya çevrilmək, qaz ixracında öz mövqeyini qoruyub saxlamaq və sair. Burada sürət və metod faktorları ön plana çıxır. Əlavə olaraq, qonşu ölkələrlə iqtisadi inteqrasiya, xidmət ixracı və sair məsələlərin də öz həllini tapacağına inanırıq!

– nəhayət son məsələ ilə yekunlaşdıraq. Deyirlər ki, bizə ideologiya lazımdır. Biz kimik? Əvvəla bütün dünyanın gəldiyi bir nəticə var ki, ideologiyalar XX əsrdə qaldı. İkincisi, biz siyasi, istisadi, mədəni və hər bir format olaraq Türk Dövlətləri Birliyini öz evimiz elan etmişik (Ölkə Prezidenti bunu bir neçə dəfə açıq ifadə edib). Hər hansı digər ideologiya axtarışı ya ölkə daxilində kimlərisə razı, kimlərisə narazı salmaqla vaxt və enerji itkisi deməkdir, ya da ölkəni müəyyən problemlərin cənginə atmaq istəyidir! Unutmayaq ki, hazırda dünyada bilərəkdən qızışdırılan irqçilik, dini-ayrı seçkilik, dini ekstremizm və radikallıq, faşizm, hətta sürətlə yenidən nüfuz qazanmaqda olan sosializm prinsipləri, solçuluq və sair fonunda daha rasional ölkələr üçün iqtisadiyyatlarını gücləndirmək, iqtisadi inkişaf daha ön plandadır, əsas strateji xətt və prioritetdir!

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər