2 C
Baku
Saturday, December 14, 2024

SOCAR yeni istiqrazları barədə açıqlama yayıb

Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdən bəri investorların ünvanladığı çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, daxili bazar üçün yeni istiqrazlar buraxacaq.

Bu barədə SOCAR-ın törəmə şirkəti – “SOCAR Capital” MMC-nin açıqlamasında bildirilib.

Məlumatda, həmçinin deyilir ki, Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR, 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub–saxlayıb.

100 milyon dollarlıq ilk istiqrazlara tələbat iki dəfədən artıq olub. Hazırda təkrar bazar əməliyyatlarının məbləği rekord göstərici olan 201 milyon dolları aşıb. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə edəcəklər.

SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunan 20 sentyabrda başlayacaq və oktyabrın 29-na qədər davam edəcək. İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, ölkə ərazisində daimi və yaxud müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcəkr. İstiqrazları xarici fiziki və hüquqi şəxslər isə təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4.5%-dir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

Qiymətli kağızları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkün olacaq.

Ətraflı məlumat üçün *19 99 və www.socarcapital.az, www.socaristiqraz.az

Son xəbərlər
Digər xəbərlər