Yaponiya 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının diplomatik boykot edilməsi ilə bağlı qərar verərkən öz milli maraqlarından çıxış edəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
“Milli maraqlarımıza əsaslanaraq qərar qəbul etmək istərdik”, – deyə o qeyd edib.
Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokioda keçirilən növbəti mətbuat konfransında ABŞ-ın Çində keçiriləcək Olimpiya Oyunlarını diplomatik boykot elan etmək qərarını şərh etməkdən çəkinmişdi.
Qeyd edək ki, ABŞ rəsmi olaraq Pekin Olimpiadasını diplomatik boykot elan edib.