Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, istehlak kreditləri ilə bağlı ehtiyat tələbləri biznes kreditləri ilə müqayisədə daha sərtdir: “Biznes kreditləri ilə bağlı tələblərimiz isə daha yumşaqdır. Bu məsələdə məqsədimiz BOKT-ların biznes kreditlərini, xüsusilə mikro və biznes kreditlərini təşviq etməsidir. Çünki BOKT-ların əvvəlki dövrdə ehtiyatlanmasına baxsaq, burada düzgün yanaşma olmayıb, kreditlər arasında hər hansı bölgü aparılmayıb. Yəni istehlak və biznes kreditləri arasında fərq qoyulmayıb. İndiki yanaşmada isə istehlak, biznes və digər kreditlərə fərqli yanaşırıq”.
X.İsmayılov vurğulayıb ki, bu məslədə AMB-nin məqsədi biznes kreditlərinin həcminin artırılmasıdır: “BOKT istehlak krediti verdikdə onun daha çox xərci yaranır”.







