İlon Mask “Wall Street Journal”un tədbirində planetdə kifayət qədər insan olmadığını söyləyib.
Banker.az xəbər verir ki, milyarder sürətlə azalan doğum səviyyəsini sivilizasiya üçün ən böyük risklərdən biri adlandırıb. Araşdırmalara görə, getdikcə daha çox insan iqlim dəyişikliyi və iqtisadi bərabərsizliyi əsas gətirərək uşaq sahibi olmamağı seçir.
“Tesla”nın sahibi vurğulayır ki, həddən çox “yaxşı və ağıllı” insanın planetdəki vəziyyətin nəzarətdən çıxdığını düşünür. “Hər şey tamamilə əksinədir. İnsanlar uşaq dünyaya gətirməsə, sivilizasiya çökəcək. Bu sözlərimi unutmayın”, – deyə İlon Mask əlavə edib.
“Morgan Stanley” iyul ayında demişdi ki, “iqlim dəyişikliyi qorxusu fonunda “childfree” hərəkatı getdikcə daha geniş yayılır ki, bu da doğum nisbətinə təsir göstərir.
Los-Ancelesdəki Kaliforniya Universitetinin araşdırması göstərir ki, ABŞ-da yeni doğulan körpələrin sayı istilər səbəbindən kəskin azalıb. 2020-ci ildə Çində 18 min cütlük üzərində aparılan araşdırma iqlim dəyişikliyinin, xüsusən də havanın çirklənməsinin sonsuzluq ehtimalını 20% artırdığını müəyyən edib.