“CNBC”nin sorğusuna əsasən, dekabr ayında ABŞ prezidenti Co Baydenin hərəkətlərini bəyənməyən amerikalıların sayı 56%-ə yüksəlib ki, bu da yeni rekorddur.
Banker.az xəbər verir ki, respondentlərin 44%-i cənab Baydeni dəstəklədiyini bildirib.
Sorğuda iştirak edənlərin yarıdan çoxu (55%) Co Baydenin koronavirus pandemiyası ilə necə mübarizə aparmasından narazıdır. Respondentlərin 60%-i ABŞ prezidentinin iqtisadi problemlərin həllinə yanaşmasını bəyənmədiyini bildirib. Təxminən 72% inflyasiya ilə mübarizədə onun hərəkətlərini bəyənmir. Respondentlərin təxminən 84%-i il ərzində ölkədə qiymət artımını qeyd edib, 23%-i isə ABŞ-da inflyasiyanın tezliklə azalmağa başlayacağına və ya artıq başladığına inanır.
Xatırladaq ki, sonuncu dəfə Co Baydenin anti-reytinqi 2021-ci ilin sentyabrında rekorda çatıb. Onun hərəkətləri sorğu iştirakçılarının 54%-nin narazılığına səbəb olub. Populyarlığının azalmasına baxmayaraq, cənab Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.