13 C
Baku
Saturday, November 23, 2024

Mexaniki qaz sayğaclarında güzəştli limitin sıfırlanması prosesi necə davam edir? – Açıqlama

Ekspertlərin fikrincə,  qaz sayğaclarında limitin bir neçə gün gec sıfırlanmasına görə narahat olmağa dəyməz. Abonent məhz göstəricilərin oxunduğu gündən etibarən güzəştli limit həddindən istifadəyə başlayır və yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.

Yanvarın 1-dən etibarən qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi başlayıb. Bayram günlərində qazdan istifadə üçün nəzərdə tutulan limitlərin 65 faizi sıfırlanıb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyir ki, bayram günləri olmasına baxmayaraq, “Azəriqaz”ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirib. Lakin qaz istehlakına görə tarif limitləri sıfırlanmayan abonentlər narahatdırlar. Limitlənmə prosesinin hamıda eyni vaxtda sıfırlanmamasını ədalətsizlik hesab edirlər. Belə ki, onların düşüncələrinə görə, əgər qaz istehlakına görə limit, tutaq ki, Həsəndə ayın 1-i, Vəlidə 5-i sıfırlanırsa, Vəli ortada 4 gün itirmiş olur. Bu həqiqətən belədirmi, əhalinin narahatlığına əsas varmı? Limitlərin sıfırlanması necə tənzimlənir?

“Sıfırlanma yanvarın 10-dək davam edəcək”

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, sayğacların sıfırlanması yanvarın 10-dək davam edəcək. Həmsöhbətimizin sözlərinə görə, bu prosesdə heç bir ədalətsizlik yoxdur. Əgər limit bu il yanvarın 5-i oxunubsa, həmin sayğacın limiti gələn il də yanvarın 5-i sıfırlanır: “Əməkdaşlarımız prosesdə iştirak edir. Vətəndaşlardan da xahiş etmişik ki, mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyirlərsə, sayğacın göstəricisinin aydın görünən şəklini çəkərək (+99477) 3 104 104 saylı “Whatsapp” nömrəsinə göndərsinlər. Bir şərtlə ki, mobil telefonla çəkilən şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar, hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq”.

Abonent üçün hesabat dövrü…

R.Əliyev vurğulayır ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür: “Həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək”.

Narazılıq yaradan digər məsələlərdən biri də 1 gün əvvəldən ödənilən məbləğin sıfırlanmaya aidiyyətinin olmamasıdır. Belə ki, limitlərin sıfırlanması yanvarın 1-dən aparıldığı üçün 1 gün öncədən ödənilən məbləğ nəzərə alınmır.

“İstehlakçı da öz günahını bilməlidir”

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyir ki, hər şeyi “Azəriqaz”dan gözləmək olmaz. İstehlakçı da öz günahını bilməlidir: “Qaz sayğacımda qaz istehlakına görə limiti özüm hesablamışdım. Hesablamalarıma görə, yüklədiyim qaz yanvarın 1-də bitməli idi. Limitim sıfırlandıqdan sonra hesabımı artırdım və heç nə itirmədim. Bir tanışım isə dekabrın 29-da 50 manat pul yükləyib. Sonra narazılıq edir ki,  50 manat pul vurdum sayğacda 25 manat göstərir. Deyirəm ki, sən nə üçün limitin sıfırlanmasına 1-2 gün qalmış 50 manat pul vurursan? Üstəlik, 4 gün də Bakıda olmayacaqsan. Enerjidən rasional istifadə etmək lazımdır. Sən istehlakçısan və bunu bilməlisən. Burada “Azəriqaz”ı günahlandırmaq olmaz. İnsan özü öz pulunun qədrini bilməlidir. Niyə özün hesablamırsan ki, elə edim ki, qaz sərfiyyatı ayın 1-i bitsin? İnsanlar özləri də məsuliyyətli olmalıdırlar. Ən əsası, istehlakçı da öz günahını bilməlidir”.

Əgər bütün ölkəyə zəhərli qaz verilirsə…

Ekspert deyir ki, bu məsuliyyətsizlik dəm qazından boğulma məsələlərində də müşahidə olunur: “İnsanlar dəm qazından boğulma məsələsində qaz verəni günahlandırırdılar ki, zəhərli qaz verir. Əgər bütün ölkəyə zəhərli qaz verilirsə, 2,5 milyon abunəçi niyə zəhərlənmir? Bunun da səbəbi qazın düzgün istismar edilməməsidir”.

“Limitlərinin sıfırlanması prosesi də asanlaşacaq”

Qeyd edək ki, Bakı ərazisində 400 minə yaxın, ölkə ərazisində isə 1,5 milyon mexaniki sayğac var. Problemin birdəfəlik həllinə gəlincə, “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, işçi sayını artırmaqla bu prosesin öhdəsindən gəlmək mümkün deyil. Problemin tamamilə həll edilməsi üçün həm mexaniki, həm də smart sayğaclara xüsusi cihazlar yerləşdiriləcək. Onun vasitəsilə onlayn formada sərfiyyat yoxlanılacaq, onlayn ödəniş mümkün olacaq, həmçinin limitlərin sıfırlanması prosesi də asanlaşacaq.

Məlumat üçün bildirək ki, yanvarın 1-dən smart kartla işləyən qaz sayğacları avtomatik sıfırlanıb və abonentlər yeni ildən 1200 kubmetrlik güzəştli limitdən istifadə etməyə başlayıblar. Mexaniki sayğacların sıfırlanması prosesi hələ davam edir.

 

 

 

 

 

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər