8 C
Baku
Monday, November 18, 2024

AQTA bioloji fəallığa malik qida əlavələri ilə bağlı xəbərdarlıq edib

Hazırda ölkəmizdə dövriyyədə olan bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) əksər hissəsi idxal edilən məhsullardır. Qeyd edək ki, BFMQƏ-lərin idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarı, ekspertizası isə “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası” ilə bağlı qərara uyğun olaraq həyata keçirilir. Yerli istehsal və idxal edilən bütün BFMQƏ-lər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ekspertizadan keçirilir və nəticələri qurumun rəsmi internet səhifəsində yerləşdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, ölkəyə idxal edilən və istehsal olunan BFMQƏ-lər üzərində nəzarət tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələrə cəlb edilir.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, 2021-ci il ərzində BFMQƏ-lərin ölkəyə idxalı ilə bağlı, ümumilikdə, 2932 müraciət olunub və 47 müraciət üzrə məhsulların sertifikatlaşdırılmasından imtina edilib. Təhlükəsizlik göstəriciləri uyğun olmayan məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə müvafiq qərarlar qəbul edilib. Aşkar olunan digər uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıqlar ünvanlanıb və onlara öz fəaliyyətlərini qanunvericilik çərçivəsində həyata keçirmələri ilə bağlı zəruri göstərişlər verilib. Uyğunsuzluqlar aşkar edildikdən sonra sözügedən məhsulların məhv edilməsi və ya geri qaytarılması barədə qərar qəbul edilib. BFMQƏ-lərlə bağlı məlumatlarla aşağıdakı cədvəldən tanış ola bilərsiz.

BFMQƏ-lər qida rasionunu zənginləşdirmək məqsədilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin müvafiq formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır. İstehlakçılar nəzərə almalıdır ki, BFMQƏ-lər dərman vasitəsi deyil, yalnız orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə nəzərdə tutulmuş qidalandırıcı maddələrdir. BFMQƏ-lər xəstəliklərdən qorumur, xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə istifadə edilə bilməz və normal qidalanmanı əvəz etmir. BFMQƏ-lərin istifadə təlimatında xəstəliklərin müalicəsində istifadəsi və ya bu cür təəssürat yaradan ifadələr qeyd olunmamalıdır.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin həkim reseptinə yazılması qadağan olunsa da, hələ də qanunsuz olaraq onların həkim reseptinə yazılması və apteklərdə reseptlə satışının həyata keçirilməsi hallarına rast gəlinir. Ona görə də reseptə yazılan dərmanların arasında BFMQƏ-nin olub-olmaması istehlakçılar tərəfindən dəqiqləşdirilməli və aptekdən xəstəliyin müalicəsi, yaxud profilaktikası ilə bağlı dərman alarkən onun BFMQƏ olmadığında əmin olmaq lazımdır. Həmçinin onların istifadəsi zamanı tövsiyə edilən sutkalıq doza keçilməməli və nəzərə alınmalıdır ki, BFMQƏ-lərin uşaqların istifadəsi üçün yaş həddi 4-14 yaş arası müəyyənləşdirilib. 4 yaşına qədər uşaqlar üçün isə yalnız bitki çayları formasında istifadə oluna bilər.

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, BFMQƏ-lərin reklamında onun dərman vasitəsi olması və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaranmamalı, istifadəsinin faydaları, üstünlükləri barədə məlumat verilməməli, dərman vasitəsi olmadığı haqqında məlumatlar yer almalıdır. Qeyd edilənlərlə bağlı qanunvericiliyin tələblərinə əməl olunması və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edilib.

AQTA bəyan edir ki, BFMQƏ-lərin istehsalı, idxalı və satışı prosesləri mövcud qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməli və bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidirlər. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərində olan və ya içlik vərəqəsində qeyd olunmuş istifadə təlimatı ilə diqqətlə tanış olmalı, hər hansı qanunsuz hallarla qarşılaşdıqda müvafiq dövlət orqanlarına, o cümlədən AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verməlidirlər.

Son xəbərlər
Digər xəbərlər