İlon Mask və “McDonald’s”ın təsadüfən yaratdığı “Grimacecoin” kriptovalyutası kəskin bahalaşıb. Hər şey sahibkarın “McDonald’s”a etdiyi təklifdən başlayıb: ““McDonald’s” “Dogecoin” qəbul etməyə başlasa, kamera qarşısında “Happy Meal” yeyəcəyəm”. Restoranlar şəbəkəsi isə ona belə cavab verib: “Yalnız o halda ki, “Tesla” “Grimacecoin” qəbul etməyə başlayacaq”.
Bundan sonra “Binance Smart Chain” şəbəkəsində eyni anda bir neçə “Grimacecoin” kriptovalyutası peydə olub. Onlardan birinin məzənnəsi bir neçə saat ərzində 0.0007 dollardan 2 dollara yüksəlib, sonra isə 0.60 dollara düşüb.
“Ethereum”da yaradılan daha bir “Grimacecoin” sikkəsi isə 56 000% bahalaşaraq 0.004074 dollara çatıb. Onu 1200-dən çox insan alıb, kriptovalyutanın bazar dəyəri artıq 6 milyon dollara yaxınlaşır.
Qeyd edək ki, “Grimace” personajı ilk dəfə 70-ci illərdə “fast food” marketinq kampaniyasında görünüb. O, uşaqlardan süd kokteylləri oğurlayan anti-qəhrəman kimi düşünülüb. Lakin hələ 2012-ci ildə “McDonald’s”ın kreativ direktoru Roy Berqold bu ideyanı uğursuzluq, personajı isə uşaqlar üçün çox qorxulu adlandırıb.