“Azərbaycanda özəl internet provayderləri regionlarda xidmət göstərmək istəmir”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda seminarda bildirib.
“Bu gün 700-ə yaxın yaşayış məntəqəsində internet infrastrukturu yoxdur. Biz özəl sektora təklif edirik ki, oralarda işləsinlər. Amma onlar bunda maraqlı deyillər, çünki iqtisadi cəhətdən səmərəli deyil. Buna görə də güc dövlət provayderlərinin üzərinə düşür”, – deyə o qeyd edib.
Bundan başqa, nazir müavini deyib ki, kanalizasiya quyularının özəl sektora açılmasının problemləri üzə çıxıb: “Özəl provayderlər quyulardan qanunsuz istifadə edir. Düzdür, biz hüquq mühafizə orqanları ilə işləyirik, amma şəhərin mərkəzində belə qanunsuz istifadə ilə rastlaşırıq. Həm də görürük ki, təqdim edilən internetin keyfiyyəti eyni deyil. Ona görə də standart müəyyən etmişik. Tələb edirik ki, onlar xidməti bu standarta görə təmin etsinlər”.