6 C
Baku
Monday, December 16, 2024

G20 ölkələrinin maliyyə nazirləri fevralın 17-18-də Cakartada görüşəcəklər

G20 ölkələrinin maliyyə nazirləri fevralın 17-18-də Cakartada İndoneziyanın sədrliyi ilə ilk görüşlərini keçirəcəklər.

Bu barədə İndoneziya hökumətinin portalına yerləşdirilən məlumatda bildirilir.

“Maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşü fevralın 17-18-də keçiriləcək”, – deyə məlumatda qeyd edilir. Görüşün həm onlayn, həm də oflayn formatda təşkil olunacağı bildirilir. Çin, Hindistan və Rusiya daxil olmaqla səkkiz ölkənin nümayəndələrinin tədbirə videorabitə vasitəsilə qatılacağı qeyd edilir.

İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcio bildirib ki, iyirmilik ölkələrinin iqtisadiyyatının pandemiyadan sonra bərpası, rəqəmsallaşdırma və inflyasiya ilə mübarizə görüşün əsas mövzuları olacaq.

Xatırladaq ki, İndoneziya dekabrın 1-dən ilk dəfə rəsmi olaraq G20-də sədrliyə başlayıb. İndoneziya Prezidenti Coko Vidodo əsas diqqətin iqtisadi bərpa, enerji dəyişmələri və rəqəmsal transformasiya məsələlərinə yönəldiləcəyini bəyan edib. Bundan əlavə, C.Vidodo bildirib ki, G20-nin yekun sammiti Bali adasında 2022-ci il oktyabrın 30-31-də əyani formatda təşkil olunacaq.

Əlavə olaraq qeyd edək ki, G20 qrupu 1999-cu il dekabrın 15-16-da sənaye cəhətdən inkişaf etmiş yeddi ölkənin – ABŞ, Böyük Britaniya, AFR, Kanada, Fransa, İtaliya və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb. Məqsəd qlobal çağırışlara qarşı tədbirlərin görülməsidir. Təsisçi ölkələrdən başqa, Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, CAR və Avropa İttifaqı qrupun üzvləridir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər