2021-ci ildə qlobal ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 25% artaraq, koronavirus (COVID-19) pandemiyasından əvvəlki 2019-cu illə müqayisədə isə 13% artaraq 28,5 trilyon ABŞ dollarına çatıb.
Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) “Qlobal Ticarət Yeniləməsi Hesabatı”nda bildirilir.
Sənəddə deyilir ki, artımın böyük hissəsi ötən ilin I yarısında qeydə alınıb. II rübdə artım tendensiyası davam edib. III rübdə nisbətən azalma baş verib, IV rübdə isə yenidən artım olub.
Hesabat dövründə inkişaf etməkdə olan ölkələrin ixracı təxminən 30%, inkişaf etmiş ölkələrin ixracı isə 15% artıb.
Ötənilki qlobal ticarətin 1,6 trilyon dollarlıq hissəsi xidmətlərin payına düşüb. Bu, əvvəlki ilə nisbətən təxminən 3% çoxdur.
Yarımkeçiricilərin qlobal çatışmazlığı nəticəsində rabitə avadanlıqları, yol nəqliyyat vasitələri və yükək dəqiqlikli alətlər üzrə ticarət artımı səngiyib.
UNCTAD bu ilin I rübündə qlobal ticarətin artımının zəifləyəcəyini proqniozlaşdırır. Ümumilikdə, makroiqtisadi tendensiyaları nəzərə alaraq, 2022-ci ildə ticarət artımının gözləniləndən aşağı olacağı ehtimal edilir.
Bundan başqa, bu il ticarət modellərinin ekoloji cəhətdən davamlı məhsullara artan qlobal tələbi əks etdirəcəyi gözlənilir.
Hesabatda artan inflyasiya təzyiqləri səbəbindən qlobal borcun davamlılığı ilə bağlı narahatlıqlar əks olunub.







