3 C
Baku
Saturday, December 14, 2024

Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri ola bilərmi?

Rusiya-Ukrayna müharibəsi davam edir. Bu səbəbdən Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı  Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi.

Bu fonda rus rublunun məzənnəsi getdikcə aşağı düşməyə, Rusiya iri şirkətlərinin səhmləri ucuzluşmağa başlayıb. Azərbaycandan Rusiyaya işləməyə gedən, öz biznesi olan şəxslər az deyil. Müharibə davam etdikcə və hər iki ölkənin milli valyutasıdəyər itirdikcə Azərbaycana ciddi işsiz ordusu gələ bilərmi? Bunun ölkənin məşğulluq bazarına nə kimi təsirləri olar?

2021-ci ildə Rusiya Federasiyasının MDB ölkələrinə pulköçürmə sistemləri vasitəsilə fiziki şəxslərin köçürmələrinin həcmi 2020-ci illə müqayisədə 22,3 faiz artaraq 6,2 milyard ABŞ dollarından 7,6 milyard dollara çatıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin ilk 6 ay ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 120 milyon dollara yaxın vəsait köçürüb. Bu, ötən dövrlə müqayisədə 25,9 faiz çoxdur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev Turan-a bildirib ki, dünya kifayət qədər maraqlı bir dönəmə qədəm qoyub: «Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildən sonra dünyada sabitliyin, sülhün qarantı kimi çıxış edən bir institut idi. Çox təəssüf ki, son illər BMT öz rolunu kifayət qədər sanballı oynaya bilmir. Bu gün baş verənlər dünyanı görünməyən hadisələrlə üzləşdirə bilər. Bu baxımından ölkələr arasında iqtisadi tellərin qırılması, valyuta bazarında sabitliyin pozulması hallar müşahidə oluna bilər».

Deputat qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar istənilən vaxt öz doğma vətənlərinə gələ bilər: «Bura onların evləridir».

Komitə üzvünün fikrincə, rus rublunun dəyərini itirməsi Azərbaycan manatına təsir etməyəcək: «Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsi olduğu üçün dünyada baş verən təlatümların ölkəyə təsiri var. Amma nəzərə alsaq ki, Azərbaycanda payız aylarında qəbul olunan dövlət büdcəsi kifayət qədər əsaslandırılmış büdcədir və bu gün də Azərbaycanda valyuta ehtiyatlarının kifayət qədərdır, əminliklə demək olar ki, Azərbaycan hərtərəfli öz iqtisadiyyatını nəzarət edə biləcək».

İqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna bildirib ki, 2014-cü ildə Krımın işğalından sonra Rusiyaya qoyulan sanksiyalardan sonra rubl kəskin ucuzlaşmışdı: «Üç ay ərzində rubl iki dəfədən çox dəyərdən düşdü. O zaman Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azaldı. Bu köçürmələr əsasən Azərbaycan regionlarında əhalinin sosial vəziyyətinə müsbət təsir edən amildir. Sanki Azərbaycanın sosial yükünün bir hissəsini Rusiyadan gələn vəsait ödəyirdi».

Ekspertin sözlərinə görə, indi də rublun məzənnəsinin aşağı düşməsi eyni təsir göstərir: «Çünki orada yaşayan soydaşlarımız rublla pul qazanırlar və rubl ucuzlaşdıqca onların qazancları da azalır. Yəni, Rusiyadan Azərbaycana vəsait köçürmələri kəskin azalacaq».

Onun fikrincə, Rusiyada iqtisadi vəziyyət pisləşsə də, orada işləyən azərbaycanlılar kütləvi şəkildə ölkəyə qayıtmayacaq: «Azərbaycanda da iş yerlərilə bağlı ciddi problemlər, biznes fəaliyyətilə bağlı məhdudiyyətlər var. Rusiya bazarı isə daha böyükdür və istər-istəməz bir yerdə iş itirəndə digər yerdə onu tapmaq ehtimalı daha çoxdur. Ona görə də miqrantların kütləvi şəkildə geri qayıtmasını gözləmirəm».

Son xəbərlər
Digər xəbərlər