Azərbaycanlı ixtiraçının layihəsi ABŞ-ın GHR Fondunun qrantını qazanıb.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, azərbaycanlı ixtiraçı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əməkdaşı Rəşid Əliyevin “Braille Teach” layihəsi ABŞ-ın GHR Fondunun 215 min ABŞ dolları məbləğində qrantını qazanıb. Bu vəsait məhsulun kütləvi istehsalına başlanmasına yönləndiriləcək.
“Braille Teach” səsli-dəstək istifadə edərək Brayl şriftinin tez, interaktiv və asan öyrənilməsi üçün nəzərdə tutulmuş interaktiv əl cihazıdır. Layihənin məqsədi Brayl şrifti ilə oxumaq imkanlarını və savadlılığı artırmaq üçün görmə məhdudiyyətli insanları əlçatan texnologiyalarla təmin etməkdir. Belə ki, cihaz görmə qabiliyyəti olmayan və ya zəif olan uşaqlar, onların ailə üzvləri, valideynləri və yardımçı təşkilatlar üçün nəzərdə tutulub.
“Braille Teach” cihazının yaxın zamanlarda istehsalı və ilkin olaraq ABŞ bazarında satışı planlaşdırılır.