11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda siqaretin qiyməti nə qədər artacaq?

Xəbər verdiyimiz kimi, bu gündən Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklik təsdiq edilib.

Artıq idxal edilən, tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb.

Aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırılıb.

Tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil edib. Beləliklə, tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlib.

Bununla da aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş verib.

Eyni zamanda, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalıb.

Deputat Rüfət Quliyev  açıqlamasında bildirib ki, bütün dünyada siqaret və tütün məhsullarının istifadəsi ilə mübarizə aparılır:

“Bu, tək qiymətlərin artması ilə əlaqəli deyil. Məqsəd insanların siqaret çəkməsini məhdudlaşdırmaqdır. Bu mübarizədə ən önəmli amil kimi qiymət siyasəti nəzərdə tutulub. Burada əsas məram büdcəyə gəlirləri artırmaq deyil, həm də tütün məmulatlarının istifadəsini azaltmaqdır. Hətta çox ölkələrdə siqaretin qiyməti süni formada artırılır ki, ondan istifadə azalsın”.

Onun sözlərinə görə, qiymətlərin artması qaçılmazdır:

“Ölkəmizdə yerli istehsal var və böyük bir qismi xarici brendlərdir. Azərbaycanda siqaret istehsal edən xarici şirkətlərə tövsiyəm odur ki, məhsulu yerli adlarla istehsal etsinlər.

Məsələn, siqareti – “Qarabağ”, “Azərbaycan”, “Bakı” adı altında istehsal etsinlər. Siqaret xüsusi bir məhsuldur. Daxildə istehsalçılarımız daha çox Azərbaycan adları satmağa çalışsalar, ziyanverici istehsalın günahının yarısı yuyula bilər. Azərbaycanda malların keyfiyyəti, çeşidləri artmalıdır və bununla biz doğru yolla inflyasiya ilə mübarizə apara biləcəyik”.

Hazırda tütündən istifadə dünyada ən yayılmış zərərli vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı hesablamalara görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hər il tütünçəkmədən səkkiz milyona yaxın insan dünyasını dəyişir.

Dünya alimləri həyəcanla bəyan edirlər ki, bununla bağlı lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, bu rəqəm dəfələrlə arta bilər. Tütünçəkmənin ümumi iqtisadi zərəri il ərzində 1,4 trilyon ABŞ dollarından çoxdur.

Araşdırmalara görə, siqaret çəkən insanlar 40 yaşadək tütündən imtina etsələr, onların tütünçəkmə səbəbindən yaranan vaxtından əvvəl ölüm riski 90%-dək, 50 yaşadək tütündən imtina etsələr, ölüm riski yarıdan çox azala bilər.

JTI (Japan Tobacco International) Azərbaycan şirkətinin Korporativ Əlaqələr və Kommunikasiya üzrə meneceri Ayxan Şıxlı saytımıza açıqlamasında bildirib ki, ölkə daxilində istehsal olunan tütün məmulatlarına aksiz dərəcələrinə artım ilin əvvəlində olub:

“Orta bazar üzrə markadan asılı olaraq, siqaretlərin qiymətində artım olub. Təxminən bu artım 5-20 qəpik arası baş verib. Hazırkı dəyişiklik idxal olunan mallara şamil olunan aksiz dərəcələrinin artımıdır. Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq, Azərbaycana idxal olunan siqaretlərin həcmi keçən il üzrə ümumi bazarın çox cüzi bir hissəsini təşkil edir. İdxaldan gələn mallara aksiz dərəcəsinin artırılması, yerli istehsalla eyniləşdirilməsi bazar qiymətlərinə bir o qədər təsir etməyəcək”.

O bildirib ki, yeni dəyişikliyə görə, tütünəvəzedici malların da qiymət artımının cüzi olması düşünülür:

“Aksiz dərəcələrinin artırılması normal praktikadır. İdxal olunan siqaretlərin aksiz dərəcələrinin artırılması ilbəil baş verən prosesdir. İlkin olaraq ötən il aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manat olmuşdu. Bu rəqəm bu il 14 manata qaldırılıb”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2020-ci ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda siqaret çəkənlər arasında 65 yaşlı şəxslər üstünlük təşkil edirlər.

Yaş qruplarında siqaret çəkənlərin xüsusi çəkisi, faizlə:

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər