Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyevin 5 milyon manatlıq əmlakı müsadirə olunub.
Əmlakların siyahısını təqdim edirik:
Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi
Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil
Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası),
Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası
“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisəsi
Neftçala şəhəri M. Ə. Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi
Xatırladaq ki, sabiq icra başçısı İsmayıl Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıblar.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyev və digərləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıl Vəliyev 10 il, RİH başçısının keçmiş birinci müavini Vurğun Əkbərov 9 il, icra başçısının digər müavini Gültəkin Sadıqova 6 il 6 ay, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev 8 il, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov 8 il 6 ay, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov 8 il, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov isə 8 il 3 ay azadlıqdan məhrum edilib.