Azərbaycan – Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir. “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəbləri nələrdir ?
Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin tıxacı yaranıb. Təkcə Azərbaycan tərəfində 600 Beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.
Gürcüstandan Azərbaycana yükdaşımalarının sayının artması Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu bildirilir.
Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində Sınıq Körpü sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir. Məntəqədən Xəzər Xəbərə verilən açıqlamada bildirilib ki, Gürcüstan tərəfi əgər TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilir. Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Hazırda məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsi ilə keçid üçün növbə gözləyir.