Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tender elan edilmişdir.
Banker.az Bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, tenderdə Kapital Bank qalib seçilmiş və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılmışdır.
Qeyd edək ki, Bank öz növbəsində iyul ayının 16-dan etibarən plastik kartların paylanması prosesinə start vermişdir. Hazırda bununla bağlı Bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Belə ki, filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00 – 18:00-dək müştərilər üçün açıq olacaqdır. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.







