13 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda yeni xidmət kompleksi fəaliyyətə başlayıb – Sahəsi 10 min kvadratmetrdir

Mayın 19-da Naxçıvan şəhərində yeni xidmət kompleksi – “Naxçıvan Saray” MMC fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.

Naxçıvan MR-in Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət kompleksində yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, “Naxçıvan Saray” MMC-nin sahəsi 10 min kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə 7 mərtəbədən ibarət olan binada otel, şadlıq sarayı, ofis, restoran, mətbəx və avtopark fəaliyyət göstərəcək. Zirzəmidə camaşırxana, işçi heyəti üçün 32 yerlik yeməkxana, 3 anbar, elektrik və digər köməkçi otaqlar yerləşir. Binada 5 mərtəbədən ibarət 538 yerlik avtopark var.

Dördüncü mərtəbədə 800 və 340 yerlik olmaqla 2 şadlıq sarayı, həmçinin bu mərtəbədə mətbəx, 5 soyuducu kamera, 4 qarderob, iş və digər xidməti otaqlar yerləşir. Şadlıq saraylarında iclas və konfrans keçirmək üçün proyektor, kürsü və müasir səs sistemi quraşdırılıb.

Binanın beşinci mərtəbəsində 24 standart, 20 superior, 1 deluxe olmaqla, 45 otaqdan ibarət otel fəaliyyət göstərəcəkdir. Eyni zamanda burada iş otaqları və server, eləcə də 80 yerlik restoran vardır. Binada 4 sərnişin və 1 yük lifti quraşdırılıb. Burada kişi və qadınlar üçün idman zalları, istirahət mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

Ali Məclisin Sədri deyib: “Bu xidmət obyekti xüsusi layihə əsasında qurulub. Nəticədə muxtar respublika üçün müasir və hər cür şəraiti olan xidmət sahəsi yaradılıb. Burada təkcə otel və restoran deyil, ümumilikdə hibrid xidmətlər təşkil olunub. Yəni muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə gələn qonaqların, eyni zamanda yerli sakinlərin muxtar respublikadan kənara gedərkən avtomobillərini saxlamaları üçün burada qapalı avtopark qurulub. Eyni zamanda cəmiyyətin Naxçıvan şəhərindəki avtovağzala yaxın yerdə olması turistlərin uzağa getmədən otel və restoran xidmətlərindən istifadəsinə imkan verəcək. Şadlıq saraylarından sakinlər və gələn qonaqlar istifadə edəcək. Müasir dövrün tələbi insanlara müxtəlif xidmətləri bir yerdə göstərməkdən ibarətdir. Bu saray da bir neçə xidmətləri eyni vaxtda yerinə yetirəcək. Gələcəkdə sarayda digər xidmət sahələri də yaradılacaq və kompleks formada fəaliyyət göstərəcək”.

 

Son xəbərlər
Digər xəbərlər