Azərbaycanda kərə yağı idxalçıları onun bahalaşmasını görərək, bu il daha ucuz yerlərdən almağa başlayıblar.
Banker.az xəbər verir ki, ölkəyə idxalçılar 2022-ci ilin yanvar-mart aylarında xaricdən 4.6 min ton həcmində əhalinin əsas istehlak səbətində olan bu yağ idxal ediblər ki illik müqayisədə 16% enişdir. İdxalın dəyəri 24.75 mln. ABŞ dolları təşkil edib.
Dünyada böhrandan qaynaqlanan əmtəə qiymətlərinin bahalaşması qida sektorunda da təsirsiz ötüşmür. Əlavə olaraq enerji qiymətlərinin bahalaşması, bəzi ölkələrin strateji ehtiyatlarını böhranla əlaqəli qoruması səbəbi ilə qıtlıq yaradır ki, bu da qiymətlərə təsir edir. Azərbaycan ötən illə müqayisədə kərə yağına hər tonda 484 dollar əlavə xərc edir. Yəni orta ölçüdə qiymətlər 10% bahalaşıb. Lakin bu qiymət artımı əslində İran və Türkiyə hesabına bir qədər neytrallaşıb, yüksək rəqəm ortaya çıxmayıb.
Yeni Zellandiyadan idxal edilmiş kərə yağının qiyməti 30% bahalaşaraq hər kq üçün 5.94 dollar, İrandan 6% bahalaşaraq 4.23 dollara olub.
İdxal edilmiş kərə yağında əsas payçısı Yeni Zellandiyadır, amma idxalçılar bahalaşan kərə yağında bu bazara maraqlarını bir qədər azaltmış olublar. 2022-ci ilin birinci rübündə 1.75 min ton çəkidə (10.37 mln. dollar) kərə yağı gətirilib. İllik müqayisədə idxal bu ölkədən 16% azalıb.
İkinci sırada adətən yer alan Ukraynanı İran əvəzləyib. İdxalçılar İran İslam Respublikasında 2022-ci ilin birinci rübündə 1.59 min ton (6.73 mln. dollar) həcmində kərə yağı gətiriblər ki, bu da illik müqayisədə 43 dəfə artımdır.
Ötən illə müqayisədə nisbətən baha olan Almaniya və Fransa yağlarının idxalı isə azalıb.
Qeyd edək ki, Azərbaycan daxili bazarında ilin ilk üç ayında 1.5% artıraraq 6.5 min ton kərə yağı istehsal edib.
Azərbaycan kərə yağını kimlərdən alır?