10 C
Baku
Friday, December 13, 2024

Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Prezidenti görüşdə çıxışında bildirib:

“Bilirəm ki, Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edildi. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək, hər şey burada var. Bir o qalıb ki, 30 ilə yaxın həsrət içində yaşayan insanlar gəlsinlər, burada rahat yaşasınlar, müzəffər xalq kimi əbədi yaşasınlar. Belə də olacaq. Bundan sonra həm Zəngilan rayonunda, həm digər rayonlarda, indi Baş planları təsdiq edilmiş rayonlarda inşaat işləri daha sürətlə gedəcək”.

Qeyd edək ki, “Ağıllı kənd”-də Ailə Sağlamlıq Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə hamiləliyə nəzarət və reproduktiv sağlamlıq, peyvəndlənmə, körpə izləmə, prosedur, ailə həkimi, laborator xidmətləri otaqları və stomatoloji kabinet fəaliyyət göstərir.

Məntəqə ən müasir USM cihazı (4 problu), defibrilator, EKG cihazı, sterilizator, portativ lampa, ekspress laborator test cihazları, aspiratorla təchiz olunub.

Eyni zamanda tibb məntəqəsi stomatoloji kreslo, portativ rentgen cihazı və alətlər, qanalma kreslosu, ginekoloji müayinə masası, əlil arabası, xərək, vaksin və dərmanlar üçün məlumat matris oxuyucusu, stetoskop, tonometr, otoskop, refleks çəkic, snellen göz qrafiki, oftalmoskop, kiçik cərrahi əməliyyat dəsti, manometrli oksigen balonu, təcili yardım dəsti, larinqoskop dəsti, oksigen borusu və maskaları, intubasiya borusu və köməkçi hava yolu cihazları kimi tibbi ləvazimatlarla da təmin olunub.

Qeyd edək ki, mərkəzdə ölkəmizdə ilk dəfə olaraq Teletibb otağı yardılıb.  Bu otaq xüsusi kurs keçmiş tibb işçilərinə respublikamızda və dünyada fəaliyyət göstərən həmkarları ilə portativ  cihaz vasitəsiylə onlayn qaydada diaqnoz və müalicə təyini ilə bağlı məslətləşmələr aparmaq imkanı verir.

 

 

Son xəbərlər
Digər xəbərlər