Azərbaycan 6 ayda Türkiyə ərazisilə Suriyaya 735 milyon kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisindən keçməklə Suriyaya 735,3 milyon kubmetr Azərbaycan mənşəli təbii qaz göndərilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilib.

Bu, Türkiyənin 2026-cı ilin 6 ayında ümumi qaz ixracının payında 66,49 % təşkil edib.

Ötən ilin eyni dövrü ərzində Türkiyədən Suriyaya qaz nəqli həyata keçirilməyib.

Hesabata əsasən, cari ilin iyun ayında Türkiyə Suriyaya cəmi 162 milyon kubmetr təbii qaz ixrac edib.

Ümumilikdə, cari ilin birinci yarım ilində Türkiyə 1 milyard 105,96 milyon kubmetr təbii qaz xaricə satıb. İyun ayında isə ixracın ümumi həcmi 199,9 milyon kubmetr səviyyəsində qeydə alınıb.

Altı aylıq dövrdə Türkiyədən ixrac edilən təbii qazın 735,3 milyon kubmetri (66,49 %-i) Suriyaya, 369,97 milyon kubmetri (33,45 %-i) Bolqarıstana, 0,69 milyon kubmetri (0,06 %-i) isə Şimali Makedoniyaya yönəldilib.

İyun ayı üzrə isə ixrac olunan qazın 37,7 milyon kubmetri (81,04 %-i) Bolqarıstana, 0,21 milyon kubmetri (0,1 %-i) isə Şimali Makedoniyaya göndərilib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında Türkiyə ümumilikdə 30 milyard 689,28 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisindən 2,64 % çoxdur.

Cari ilin yanvar-iyun aylarında gömrük bəyannamələri əsasında Azərbaycan ümumi dəyəri 4 milyard 105 milyon 156,48 min ABŞ dolları olan 12 milyard 430 milyon 833 min kubmetr həcmində təbii qaz ixrac edib. Bu dövrdə ixrac edilən qazın həcmi 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 0,5 % artıq, dəyəri isə 9,6 % az olub. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 25,15 % təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri zamanı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış razılaşmaya uyğun olaraq, təbii qazın daşınması üçün bütün texniki hazırlıq işləri başa çatdırılıb. 2025-ci ilin avqustun 2-dən başlayaraq Azərbaycan qazının Türkiyə tranziti ilə Suriyaya ixracına başlanılıb.

Layihənin birinci mərhələsində Suriyaya illik 1,2 milyard kubmetr həcmində təbii qaz tədarükü nəzərdə tutulur. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalı məqsədilə istifadə ediləcək. Bu layihə nəticəsində 1 200-1 300 meqavat gücündə elektrik enerjisi istehsalının təmin olunması hədəflənir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər