12 C
Baku
Monday, November 18, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti 2021-ci ili mənfəətlə başa vurub

®”PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb. Ötən il üçün şirkətin xalis mənfəəti 2,461 milyon manat təşkil edib.

Maliyyə nəticələrinə əsasən, şirkətin əməliyyat gəliri 4,663 milyon manat olaraq qeydə alınıb, bu da ötən il ilə müqayisədə 7% artım olduğunu göstərib. Artım, əməliyyat gəlirinin 21%-ni təşkil edən xalis faiz gəlirinin 104% artması ilə əlaqədardır. Qeyri-faiz gəlirləri 2020-ci illə müqayisədə 4% azalma nümayiş etdirmişdir. Qeyri-faiz gəlirlərinin tərkibində əməliyyat gəlirlərinin xüsusi çəkisi 80% təşkil etmişdir.

Şirkətin faiz gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 118% artaraq 1,727 milyon manata, faiz xərcləri isə 2021-ci ildə ötən il ilə nisbətdə 318 min manatdan 761 min manata yüksəlib.

Qeyri-faiz gəlirlərinin 51% hissəsi 1,921 milyon manat olmaqla xidmətlərə görə alınan ödənişlər və komissiya gəlirlərindən formalaşmışdır. Qiymətli kağızların satışı və yenidən qiymətləndirilməsi üzərindən qazanılan gəlir 1,816 milyon manat olmuşdur ki, bu da qeyri-faiz gəlirlərinin 49%-ni və ümumi əməliyyat gəlirlərinin 39%-ni təşkil edib.

Qeyd etmək istərdik ki, qeyri-faiz xərcləri 2021-ci ildə əvvəlki ilin göstəricisinə əsasən (873 min manat) 80% artaraq, 1,569 milyon manata yüksəlib. Şirkətin qeyri-faiz xərclərinə işçi heyəti, əməliyyat xərcləri, amortizasiya xərcləri və xarici valyuta üzrə gəlir yaxud zərər daxil edilib.

2021-ci ildə şirkətin ümumi kapitalı 39% artaraq 7,765 milyon manata çatıb.

31 dekabr 2021-ci il tarixinə 86,448 milyon manat şirkət aktivləri qeydə alınıb ki, bu da ötən il ilə müqayisədə 32,494 milyon manat və ya 166% çoxdur.

Şirkətin ədalətli dəyərlə tanınan ticarət və investisiya qiymətli kağızları 31 dekabr 2021-ci il tarixinə  23,156 milyon manat təşkil edib.

“PAŞA Kapital İnvestisiya Şirkəti” öz müştəri bazasını genişləndirməkdə davam edir. Şirkət yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etməklə yanaşı, uzun illər ərzində möhkəm müştəri əlaqələri qurmaqla, loyal müştəri portfelinə malikdir. 31 dekabr 2021-ci il tarixinə şirkətin öncədən alınmış avans məbləğləri əvvəlki il ilə müqayisədə 274% artaraq 19,481 milyon manat təşkil edib.

2021-2023-cü illər strategiyası çərçivəsində şirkət, Azərbaycan bazarında lider mövqeyini qorumaqla müştərilərə rəqabətqabiliyyətli və qabaqcıl məhsullar təklif edərək daha yüksək bazar payı tutmağı qarşısına məqsəd qoymuşdur.

Son xəbərlər
Digər xəbərlər