Dünyada elə bir ölkə yoxdur ki, Rusiya və Ukraynadan gələn ərzaq tədarükünü qısa müddətdə əvəz edə bilsin.
Banker.az xəbər verir ki, bu barədə “RİA Novosti“yə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr ofisinin direktoru Oleq Kobyakov bildirib.
“Qısa müddətdə belə ölkələr yoxdur. Dünya taxıl bazarında Rusiya və Ukraynanın tutduğu paydan danışsaq, bu, 30%-i keçir. Ötən il Rusiya 35 mln. ton, Ukrayna təxminən 12 mln. ton ixrac edib. 50-dən çox ölkə 30%-dən çox Qara dəniz hövzəsindən tədarükdən asılıdır. İqtisadçılar hesab edirlər ki, 30% asılılıq kritik həddir. Ərzaq təchizatında fasilələr və ərzaq qiymətlərinin kəskin artması milli iqtisadiyyatda böhran və vətəndaş iğtişaşları təhlükəsi yaradır”, – deyə Oleq Kobyakov qeyd edib.
Onun sözlərinə görə, elə ölkələr var ki, əslində bütün ərzaq taxıllarını Rusiyadan və Ukraynadan alır. Məsələn, Azərbaycan, Ermənistan, Gürcüstan və Monqolustan öz ehtiyaclarını 100 faiz Rusiyadan taxılla təmin edir. Afrika ölkələrindən Burkina Faso, Qvineya, Mali, Konqo, Namibiya, Ruanda və Toqo Rusiyanın taxıl idxalından çox asılıdır. Həm Ukrayna, həm də Rusiya taxılının alınmasında ən çox güvənən ölkələr Qana, İsrail, İran, İordaniya, Keniya, Liviya, Nikaraqua, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tunis və Efiopiyadır.
Oleq Kobyakov əlavə edib ki, mayın əvvəlində FAO, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu və Ümumdünya Ərzaq Proqramı birgə yaydığı hesabatda, bu gün 570 min insanın kritik aclıq həddində olduğu bildirilir. Bunlar Rusiya və Ukraynadan taxıl alan Yəmən, Madaqaskar, Efiopiya kimi ölkələrin sakinləridir.
“Gəlin Rusiya və Ukraynadan gələn tədarükləri kimsə əvəz edə bilərmi sualına qayıdaq. Baxın, hətta buğdasının artıqlığı ilə ticarətə başlayan Hindistan da məhdudiyyətlər tətbiq edib. Çünki əks halda onun öz ehtiyaclarını ödəmək üçün kifayət qədər taxılı olmazdı. Buna görə də həm Ukrayna, həm də Rusiya ixracatını blokdan çıxarmaq lazımdır – axı, Rusiyanın əsas ixrac taxıl terminalı olan Novorossiysk Ticarət Limanı sanksiyalara məruz qaldı. Anti-Rusiya sanksiyaları səbəbindən pul köçürmələri çətinləşir, gəmi kirayələmək demək olar ki, mümkün deyil və əgər siz onu icarəyə götürsəniz belə, sığortaçı yükü və ya gəminin özünü sığortalamağa riski etməyəcək”, – deyə Oleq Kobyakov izah edib.