10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq şirkət: “Orta Dəhlizdə yükdaşımalarla bağlı sifarişlər 2 dəfə artıb”

Almaniyanın logistika şirkəti “Hellmann” 2021-ci illə müqayisədə 2022-ci ildə Avropa-Çin və əks istiqamətdə yükdaşımalarla bağlı təkliflərin 2 dəfəyə yaxın artımını müşahidə edir.

Bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, “Hellmann” şirkətinə yükdaşımalarla bağlı təkliflər Rusiya-Ukrayna münaqişəsinin başlanmasından sonra bəzi yüklərin Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istiqamətlənməsi ilə artıb.

Vurğulanır ki, “Hellmann” şirkəti Avropa-Çin və ya əks istiqamətində yük daşımanı Azərbaycandan, Gürcüstandan, Türkiyədən keçməklə həyata keçirir: “Yüklərin növündən, istehlakçıdan aslı olaraq Azərbaycandan, həmçinin Azərbayacana yükləri daşıyırıq. Bu istiqamətdə daşınan yüklər Qara dənizdən, həmçinin Xəzər dənizindən keçir. Ümid edirik ki, müştərilər Orta Dəhliz istiqamətində yüklərin iki dənizdən keçməsini nəzərə alırlar”.

Qeyd edilib ki, Şimal dəhlizi istiqamətində daşınan yüklərin Orta Dəhlizə cəlbi üçün mövcud infrastrukturun buna uyğun qurulması vacibdir: “Orta Dəhliz istiqamətində infrastruktur yaxşı qurulmayıb. Yeni yüklərin həcmini götürmək üçün bu dəhlizin infrastrukturu inkişaf etdirilməlidir. Ümumiyyətlə, Orta Dəhlizdə həyata keçirilən xidmətlər etibarlıdır”.

Qeyd edək ki, “Hellmann” şirkəti 1871-ci ildən etibarən fəaliyyət göstərir, Azərbaycanda isə 10 ilə yaxındır ki, xidmət göstərir. Şirkət aviasiya, dəniz, avtomobil, dəmir yolları ilə yük daşınması həyata keçirir.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər