14 C
Baku
Saturday, November 23, 2024

“Akkuyu” AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq

Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən inşa edilən “Akkuyu” AES-in ilk enerji bloku 2023-cü ildə işə salınacaq.

Bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Yaşıl enerji: yeni zamanın çağırışları” adlı paneldə deyib.

“Son 20 ildə Türkiyədə elektrik enerjisinə tələbat üç dəfə artıb və biz onun növbəti 20 ildə də artacağını gözləyirik. “Akkuyu” AES-in ilk enerji bloku gələn il istifadəyə veriləcək”, – nazir vurğulayıb.

Bayraktar qeyd edib ki, Paris iqlim sazişinin ratifikasiyasından sonra Türkiyə 2050-ci ilə qədər iqtisadiyyatını karbonsuzlaşdırmalı olacaq.

“Bu baxımdan biz təbii qaza və nüvə energetikasının inkişafına böyük əhəmiyyət veririk”, – deyə o əlavə edib.

“Akkuyu” AES Türkiyənin cənub sahilində yerləşən atom elektrik stansiyasıdır. O, VVER-1200 reaktorlu dörd enerji blokunun tikilib istifadəyə verilməsini özündə ehtiva edən Rusiya layihəsinə uyğun olaraq tikilir. Stansiyanın tikintisi ilə bağlı müqavilə 2010-cu ilin mayında imzalanıb. Bu gün “Akkuyu” elektrik stansiyasının tikintisi dünyanın ən böyük nüvə tikinti layihələrindən biridir. Tikintidə hər gün 13 mindən çox insan çalışır, 1000-dən çox tikinti texnikası və nəqliyyat vasitəsi inşaata cəlb olunur.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər