Müəllif: Həmidzadə Daşqın
Kredit İnstitutları üçün ən əsas funksiyalardan biri olan kreditlər, eyni zamanda onlar üçün ən riskli fəaliyyətlərdən biridir. Kredit ödənişlərinin müqavilə üzrə nəzərdə tutulmuş tarixdə icra edilməsinə kreditin təhlilindən çox, onun necə idarəolunması təsir etdiyindən , bir kreditin problemli hala çevrilməsi də vəsaitlərin doğru qiymətləndirilməməsi və kredit riskinin yaxşı idarə edilməməsinin nəticəsi kimi qiymətləndirilir. Bu səbəbdən də bütün kredit instituları hər zaman problemli kreditlərinin səviyyəsini minimum səviyyədə saxlamağa çalışırlar.
Bir kreditin problemli hala çevrilməsi,özündə müəyyən bir müddətin yaşanmasını tələb edir. Bu səbəbdən kreditlər bir anda problemli hala çevrilməz və onun problemə çevrilməsini əhatə edən bu müddət özündə bəzi siqnallar əks etdirər. Burada əhəmiyyətli olan bankın bu siqnalları vaxtında aşkarlaması və onları düzgün analiz etməsidir. Bu siqnalların vaxtında şkarlanmasına yardımcı olan ən başlıca vasitələrdən biri kredit monitorinqləridir ki, hər bir kredit institutunun kredit siyasəti fərqli olduğu kimi , onların monitorinqləri və idarə edilməsi üsulları da müxtəlifdir. Kreditlər – müştərinin yaşadığı və fəaliyyət göstərdiyi yerlərə səfər etmək yolu ilə əyani və ya borcalanın yaşadığı və fəaliyyət göstərdiyi yerlərə səfər etmədən , onun vəziyyətini digər vasitələrlə izləmək və təhlil etməklə qiyabi şəkildə monitorinq edilə bilər.
Kredit portfelinin idarə edilməsində əsas məsuliyyətin kredit mütəxəssinin üzərinə düşdüyü kimi monitorinqlərin aparılmasında da əsas məsuliyyət kredit mütəxəssislərinin üzərinə düşür. Buna görə də kredit mütəxəssisi özündə bir sıra keyfiyyətləri formalaşdırmalı və kreditin rəsmiləşidirilməsi prosesində borcalanla münasibətini elə yüksək səviyyədə qurmalıdır ki, kredit verildikdən sonra da borcalanı müxtəlif baxımlardan izləməsinə və onlarla ünsiyyətdə olmasına şərait yaratmış olsun. O, bu yolla ödəmə çətinliyinə düşmədən müştərinin problemlərini aşkarlayacaq və onların həlli yollarını araşdıraraq onlara qarşı lazımlı tədbirləri vaxtında həyata keçirə biləcəkdir. Bu əlaqələrin qurulmasının ən yaxşı üsullarından biri , kredit mütəxəssisinin krediti rəsmiləşdirdikdən sonra borcalan haqda bütün məlumatları öz məlumat kitabçasında qeyd etməsi və onların hər birini ad günlərində və ya bayramlar zamanı sms yazaraq və ya zəng edərək təbrik etməsidir. Bunu etmək kredit mütəxəssislərinə aşağıdakıüstünlükləri qazandıracaqdır;
- Nömrəniz müştərinın yaddaşında qalacaqdır ki, bu da öz növbəsində borcalanın hər kredit ehtiyacında olduğu və ya digər məsləhətlərə ehtiyacı olduğu vaxtlarda məhz sizə zəng etməsinə səbəb olacaqdır.
- Müştəri ilə aranızda qarşılıqlı hörmət formalaşacaq və əlaqələriniz möhkəmlənəcək.
- Borcalanlarla əlaqələriniz nə qədər güclü olsa, onun kredit ödənişlərinə qarşı məsuliyyəti də bir o qədər güclü olacaq.
- Borcalanın sizinlə səmimi olması sizə digər müştərilər haqqında da informasiya verməsinə səbəb olacaq.
- Sizə yeni müştəriləri tövsiyyə etməsinə şərait yaradacaqdır ki, bu da satışınızın artmasına səbəb olacaqdır.
- Bayramda daha çox insanla bayramlaşmış olacaqsınız ki, bu da öz növbəsində işinizi sevməyiniz üçün böyük bir stimul olacaqdır.
- Bütün bunların hamısı öz növbəsində sizə borcalanları monitorinq etməyiniz üçün böyük bir şans yaradacaq.
Monitorinqlər zamanı diqqət yetirilməsi və öyrənilməsi olan əsas məqamlar bunlardır:
- Verilmiş kreditin təyinatı üzrə sərf olunub olunmadığı
- Kreditlərin aylıq ödənişlərinin kim tərəfindən ödənilməsi
- Kredit təminatının kredit şərtlərinə olan uyğunluğunun nə dərəcədə saxlanılması
- Borcalanın maliyyə göstəricilərinin nə dərəcədə dəyişilməsi
- Borcalanın öhdəliklərinin nə dərəcədə dəyişilməsi
- Borcalanın maliyyə borclanmasının hansı səviyyədə olması və əlavə maliyyə ehtiyacının olub-olmaması
Kredit İnstitutunun müştəri ilə bağlı əldə edə biləcəyi erkən xəbərdarlıq siqnalları isə bunlardır;
- Kredit ödənişlərində gecikmə hallarının olması
- Borcalan tərəfindən son aylarda hər hansısa bir əmlakını satılması
- Son aylarda ən azı iki mənbədən kredit və ya borc alması
- Kredit kartı götürməsi və bu kart krediti məbləğinin hamısından təmamilə bir neçə aydır istifadə etməsi
- Kredit müqaviləsində nəzərdə tutulmuş cədvəl üzrə bir neçə ayın kreditinin əvvəlcədən ödənilməsi
- Biznes kreditlərində satışların və ya istehlak kreditlərində isə əmək haqqlarının azalması
- Satışların dəyişməməsinə rəğmən gəlirlərin azalması
- Biznes xərclərinin artması
- Borcalanın fəaliyyət sektorundakı dəyişikliklər
- İdarəetmədə olan qeyri professionallıqlar
- İstehlak kreditlərində işçilərin öz hesabına məzuniyyətə çıxarılması
- Əmək haqqlarının vaxtında ödənilməməsi
- Vəzifənin dəyişməməsinə rəğmən əmək haqqının azalması
- Ailə və şəxsi xərclərinin artması
Kreditlərin planlaşdırılmadan monitorinq edilə bilinəcəyi şəraitlər isə aşağıdakılardır:
- Kredit mütəxəssisi gündəlik olaraq portfelə nəzarət etdiyindən, müştərilərə ediləcək zənglər həmdə monitorinq vasitəsi kimi istifadə edilə bilər. Kredit mütəxəssisinin portfelində olan müştəri sayı çox olsa belə borcalana kredit verildikdən sonra ən azı 1 və 2-ci ödənişlərdə zəng etməlidir. Bu zənglər borcalanı kredit ödənişlərinə qarşı məsuliyyətli etməklə yanaşı kreditin hansı məqsədlər üçün xərclənilməsinin öyrənilməsinə də şərait yaradacaq.
- Kredit təhlili zamanı kredit rəsmiləşidilməsi üçün borcalanın şəxsi iradəsi və yazılı icazəsi əsasında lazım olan informasiyaları toplamaq məqsədilə üçüncü şəxslərdən məlumat alarkən cari müştərilər barədə də informasiya toplamaq mümkündür.
- Kredit mütəxəssisinin təsadüfən borcalanın yaşadığı və ya işinin olduğu yerdə olarkən ona baş çəkməsi yolu ilə monitorinqlər aparıla bilər. Bu xüsusən də biznes kreditlərinə aiddir ki, kredit təhlili zamanı eyni ərazidə olan digər borcalana da baş çəkmək olar.
- Kredit institutları tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestri xidmətindən borcalan haqqında informasiyaları almaq məqsədilə borcalandan alınmış yazılı icazələr adətən borcun ödənilib qurtarana qədər qüvvədə olduğundan , istənilən zaman cari borcu olan müştərini “Cari borcalanın soruğulanması” adı ilə monitorinq etmək mümkündür.
- Cari borcalanların yenidən kredit üçün müraciət etməsi zamanı əgər ona yenidən kredit rəsmiləşidirilməyəcəksə, fürsətdən istifadə edib cari kredit mütləq monitorinq edilməlidir.
Nəhayət, sonda demək istərdim ki, kredit riskinin idarə edilməsində məsuliyyəti olan hər kəs bacardığı dərəcədə informasiyalara açıq olmalı , gündəlik olaraq kredit diversifakasiyasına aid olan sahələr üzrə mətbuat da daxil olmaqla bütün informasiya vasitələrini izləməli və insanlarla ünsiyyətdən çəkinməməlidirlər. Gəlin unutmayaq ki, problemlər insanların özünü və işini inkişaf etdirmək üçün bir səbəbdir. Buna görə də problem yaşanacağını öncədən hiss edərək onların zərərlərinin minumuma endirimək üçün tədbirlər həyata keçirsək, daha yüksək sürətlə inkişaf edib , daha böyük nailiyyətlər və uğurlar əldə edərik.
Comments are closed.