“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsi hələ ki boşdur. Prezident İlham Əliyevin bu ilin 24 may tarixində imzaladığı sərəncama əsasən, Cavid Qurbanov qurumun sədri vəzifəsindən azad edilib. Onun yerinə indiyədək təyinat olmayıb.
Banker.az “Modern.az”a istinadən xəbər verir ki, ADY rəhbərliyinə Milli Məclis üzvlərindən birinin təyin edilməsi barədə müzakirələr aparılır. İddialara əsasən, öncədən biznes fəaliyyətilə məşğul olmuş deputatlardan biri Dəmir Yollarına rəhbər gətiriləcək.
Həmin deputatın kimliyi artıq bəzi həmkarlarına bəllidir. Hətta ona xeyir-dua verənlər də olub.
Xəbərə görə, yaxın vaxtlarda yeni təyinatla bağlı sərəncamın verilməsi gözlənilir. Hazırda təyinat üçün hazırlıq işlərinin getdiyi deyilir.
Qeyd edək ki, Milli Məclis deputatlarının yüksək vəzifəyə təyinat alması Azərbaycanda ilk hal deyil. Bundan əvvəl də bir çox vəzifələrə təyin edilmiş şəxslər məhz parlament üzvləri arasından seçiliblər. Elə ADY-nin sabiq rəhbəri Cavid Qurbanovun özü də bu vəzifəyə Milli Məclisdən gətirilmişdi. O 123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış parlamentin deputatı seçilmişdi.
Sonuncu dəfə, deputat Şahin Seyidzadə Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunub. O, VI Çağırış Milli Məclisdə 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edirdi və təyinatdan sonra deputat fəaliyyətinə xitam verilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də nazir vəzifəsinə təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olub. O, hər iki çağırışda 43 saylı Sumqayıt III seçki dairəsindən deputat seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri təyin olunub. Həmin ildən etibarən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Milli Məclisin V (2015-2019-cu illər) çağırış deputatı olub. O, 91 saylı Ucar seçki dairəsindən deputat seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. Həmin ildən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) və V (2015-2019-cu illər) çağırış deputatı olub. O, IV çağırış Milli Məclisə 29 saylı Səbail seçki dairəsindən, V çağırış Milli Məclisə 34 saylı Xətai II seçki dairəsindən seçilib. 2018-ci ilin aprelin 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyinat alıb. Bu səbəbdən onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də vəzifəyə Milli Məclisdən gedənlər sırasındadır. O, komitəyə sədr təyin olunana qədər Milli Məclisin IV (2010-2015-ci illər) çağırış deputatı olub. R. Rzayev Milli Məclisə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 2018-ci ilin 21 aprel tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Elə həmin il onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov isə V çağırış Milli Məclisdə 17 saylı Yasamal III seçki dairəsini təmsil edirdi. Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və onun deputatlıq səlahiyyətlərinə xitam verilib.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov da icra hakimi təyin olunana qədər Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırış deputatı olub. O, hər üç çağırışda 64 saylı Sabirabad II seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Rüstəm Xəlilov Hacıqabul rayonuna icra başçısı təyin edilib.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Milli Məclisin II (2000-2005) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) VI (2020 -) çağırışının deputatı olub. Hazırda da Milli Məclisdə fəaliyyətini davam etdirir. O, 94 saylı Bərdə qəsəbə seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 2 fevral 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı, parlamentin sədr müavini olub. O, hər üç çağırışda Milli Məclisə 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. O, Prezidentin 22 may 2020-ci ildə imzaladığı digər sərəncamla Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.
İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Milli Məclisin III (2005-2010) IV (2010-2015-ci illər) V (2015-2019-ci illər) çağırışının deputatı olub. O, hər üç çağırışda Milli Məclisə 24 saylı Nizami I seçki dairəsindən deputat seçilib. 2005-ci ilin noyabrın 6-sı deputat seçilən Rövnəq Abdullayev, 2005-ci ilin noyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. R.Abdullayev 14 il hər iki vəzifəni birlikdə tutub.