“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil magistralının Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Banker.az-a verilən məlumata görə, layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolaltı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq bu hissə üzrə 12 km əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolaltı keçid və 55 suötürücü borunun inşası davam edir, layihə üzrə nəzərdə tutulan 2 körpünün inşası yekunlaşmaq üzrədir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan 6 km-lik hissədə artıq 2 qat olmaqla asfaltlanma işləri yekunlaşmaq üzrədir. Yolun bu hissəsində ehtiyat futlyarlarının quraşdırılması işləri də aparılır.
18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi artıq yerinə yetirilib.
Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layı tikilir, çiyinlərdə səthi qaplama işləri aparılır, mühafizə zolağında çəpərlənmə işləri davam edir.
Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də aparılır.
Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur.
2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, ölkənin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.