9 C
Baku
Thursday, December 12, 2024

Şri-Lankanın yeni prezidentinin bir həftə ərzində təyin olunması gözlənilir

Şri-Lanka parlamentinin spikeri Mahinda Yapa Abeivardena yeni prezidentin bir həftə ərzində təyin olunacağını güman edir.

Mahinda Yapa Abeivardena bu barədə Kolombo şəhərində sabiq dövlət başçısı Qotabaya Racapaksanın istefasını elan etdikdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, parlament tərəfindən yeni dövlət başçısı seçilənə qədər prezident səlahiyyətlərini Baş nazir Ranil Vikramasinqh icra edəcək.

Bir müddət öncə Şri-Lanka parlamentinin sədri prezident Qotabaya Racapaksanın iyulun 14-də vəzifəsindən rəsmən istefa verdiyini elan edib. Dövlət başçısı istefa ərizəsini iyulun 14-də Şri-Lankanın Sinqapurdakı səfirliyi vasitəsilə göndərib. Spiker, həmçinin xalqı, partiya liderlərini, dövlət məmurlarını və təhlükəsizlik qüvvələrini ölkədə demokratik proseslərə dəstək verməyə çağırıb.

Xatırladaq ki, iyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını tələb etmiş, prezidentin və baş nazirin iqamətgahlarını ələ keçirmişdi. Aksiyalarda yüzdən çox insan yaralanmışdı.

Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhranını yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranı daha da dərinləşdirib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub ki, bu əhalinin həyat səviyyəsinin kəskin pisləşməsi ilə nəticələnib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər